Moderator.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Q. Paşayeva hərbçi və əsgərlərimizin düşmənə, onun təxribatlarına layiqli cavab verdiklərindən yazıb. O, qeyd edib ki, Ermənistan dövləti və onun havadarları artıq anlamalıdırlar ki, Azərbaycan 20 il əvvəlki Azərbaycan deyil və onların bütün təxribatlarına layiqli cavab veriləcək: “Allah, Ermənistan adlı dövlətə layiq olduğu cəzanı versin. Bu bayram günündə yenə 2 ana, 2 ailə gözüyaşlı qaldı, insanımız üzüldü. Allahdan, ötən gecə şəhid olan Fikrət və Xudaverdi qardaşlarımıza rəhmət, yaxınlarına səbr diləyirik. Millətimizin başı sağ olsun. Ağır yaralı olan əsgərimiz Mehman qardaşımıza isə Allahdan şəfalar diləyirik. Hərbçi və əsgərlərimiz düşmənə, onun təxribatlarına layiqli cavab veriblər. Bir daha şəhidlərimizə rəhmət diləyirik. Nur içində yatsınlar”.
Qeyd edək ki, bu gün erməni kəşfiyyat-diversiya qrupu növbəti dəfə postumuza basqın etməyə cəhd göstərib. Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, mayın 27-də axşam saatlarında və 28-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməyə cəhd göstərib.
Silahlı Qüvvələrimizin bölmələrinin əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq və igidlik nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.





























































































