Şirvanda yaşayan tarişxiçi-araşdırmaçı Qənimət Haqsəda Moderator.az-a Salyan şəhərinin adıyla bağlı maraqlı bir araşdırma yazısı göndərib. Müəllif iddia edir ki, Salyan bu günədək heç də deyildiyi kimi Salyan deyil, Sayılan adlandırılmalıdr. Onun araşdırmasını təqdim edirik:
Salyan şəhərinin həqiqi adı
"Tələbə olarkən Bakıda "Türkologiya" jurnalı çıxırdı. Vaxtaşırı o jurnalı alıb oxuyurdum. Türksoylu olduğumuzdan o jurnaldan çox faydalanırdım. O jurnalda türk tayfa birlikləri, tayfaların adları, eləcə də yaşadıqları ərazilərə verdikləri adlar barəsində, ayrı-ayrı sözlərin türk (azərbaycan) dilində açılışlarını isbat edən məqalələr olurdu. Sonra türkçü tarixçilərimizdən olan Qiyasətdin Qeybullayevin əsərlərini, əməkdar elm xadimi, mifoloq Mirəli Seyidovun əsərlərinə böyük maraq yarandı. İş elə gətirdi ki, Mirəli müəllimin özü ilə görüşmək bizə qismət oldu. Bizim o vaxt "Füzuli" parkında "Şairlər klubu" deyilən bir məclisimiz vardı. Parkın müdiri Əşrəf Hüseynov idi. Məclisin "prezidenti" şəhərin baytar həkimi rəhmətlik Mikayıl Mikayılov idi. Biz hər gün işdən sonra parkda olan "Çınqıl" çayçısına yığılırdıq. Məclisimizdə müxtəlif yönümlü sənət sahibləri, o cümlədən "İşıq" qəzetinin redaktoru Mövsüm müəllim, Fəxrəddin müəllim, şair Tofiq Hüseyn, Vaqif müəllim, şair Ağadədə Demanlı, müsiqiçilər, həkimlər və başqa ziyalılar iştirak edirdi. O vaxt hələ keçmiş SSRİ-də prezident vəzifəsi yox idi. Mikayıl Mikayılovu seçməyimizin səbəbi onun Azərbaycan Dövlət Universitetində rəhmətlik Əli Fəhmidən, Əkrəm Cəfərdən və başqalarından dərs alması idi. Füzulini gözəl xırdalayırdı. İndiki Mədəniyyət şöbəsinin müdiri Əziz müəllim, hazırda Bakıda yaşayan, televiziya verilişlərindən seyr etdiyimiz Müdhəd Aydın da məclisimizin daimi üzvləri idilər.
Bir
gün "Araz" zavodunda baş mühəndis olduğumdan şənbə günü işə getmişdim,
ona görə məclisə gecikmişdim. Gəlib gördüm ki, samovar heykəlinin yaxınlığındakı boş
sahədə masaları düzüblər, hamı əyləşib, başda isə müsiqi məktəbinin keçmiş tar
müəllimi Ariz Abduləliyev yanında bir sanballı şəxs əyləşib. O vaxt Ariz
aspirant idi. Diqqətlə fikir verdim gördüm Mirəli müəllimdir. Yerimdən qalxaraq
gedib ona "xoş gəldin" elədim. Dedim: - Mirəli müəllim, xoş gəlmisiniz! Mirəli müəllim
təəccüblənərək dedi: - Məni də tanıyan olarmış. Mən onu televiziya verilişlərində
tez tez gördüyümdən tanıdım. Demə Arizə tapşırıbmış ki, mənim barəmdə məlumat
vermə. Bizimkilər də o böyük alimi tanımayıb, onun qarşısından müxtəlif
mövzulardan müzakirələr aparırmışlar. Ariz Abduləliyevin dissertasiya rəhbəri
imiş. Arizin nişanına gəlibmiş. Ariz bizim haqqımızda ona danışmış, hətta
oxuduğum "Sənsiz" və "Sevgili cananı" da ona tərifləmişdi.
O mənim oxumağıma qulaq asmaq istədiyini bildirdi. Məclis qurtararkən bazar
gününə vədələşdik. Vədəmiz saat 1100-da idi. On birə 15 dəqiqə
qalmış "Şirvan" parkında bunları gözləməyə başladım. On birdə
görüşdük. Mirəli müəllim mənə dedi: - Niyə gecikdin? Dedim: - Mirəli müəllim, mən
vaxtından qabaq gəlib sizi gözləyirəm. O dedi: - Biz ikinci dəfə bura gəlirik.
İş belədir ki, Ali Sovetin deputatı, türkoloq Aydın Məmmədov maşın qəzasında həlak
olmuşdur. Mən təcili Bakıya qayıtmalıyam. Beləcə mənə qismət olmadı ki, o məni
dinləsin. Ancaq Arizə "İşıq" qəzeti üçün məqalə vermişdi və o məqalədə
yazmışdı ki, Əli Bayramlı şəhərində elmlər namizədi səviyyəsində ziyalılar
yaşayır. Bir şeyi də qeyd edim ki, bizimlə oturduğu vaxt mən imkan tapıb "Azərbaycan" adının mənasını soruşdum. O həvəslə bizə aydınlaşdırdı.
Dedi ki, tarixdə "Azlar" türk qəbiləsi olmuşdur. "Az ər" -
"Az kişisi" deməkdir. O söz isə "Az+ər+bay+qan olmuşdur "Azərbayqan
(can)". Az tərkibi əski tükdilli qəbilənin adıdır. "Az" qəbiləbirləşməsi
xalq adına "Gültəkin", "Tonyuquq" və b. abidələrdə rast gəlirik.
"Az" çox keçmişlərdə uğur, yaxşı istərlik tanrısının adı imiş. Daha
sonra Mahmud Qaşğariyə görə "az"ın yaxşı niyyət, uğurlu tale kimi
anlamları da vardır. II hissə "ər/ar" igid, kişi. III hissə "bəy/bay"dır.
Varlı, hakim mənasındadır. IV hissə "qan/can"ı telent, lebed, altay,
şor, saqa, toybal, qırğız dillərində qağan, xan, ata anlamındadır. "qan"
"Azərbay"a qoşulanda "q" səsi nuni səğirlə deyilsə
"y" səsinin təsiri nəticəsində "c"-ya çevrilir və "Azərbaycan"
olur. "Azərbayqan" varlı Az insanının atası, hakimi, yaxşı istər,
qırmızı, yəni Günəşlə bağlı tanrı deməkdir.
Azərbaycanlıların soykökünü araşdırarkən basil, qaşqay, saq, arsaq (onu da qeyd edim ki, "Qarabağ" sözünün əvəz edən "Arsaq" sözü qədim türkdilli arsaq tayfaları ilə bağlı olduğunu qeyd edən Mirəli Seyidov olmuşdur. Bu hadisə Türkiyədə Türkoloji qurultayda təntənəli surətdə qeyd olunmuşdur), şiraq, buntürklər, onoqur, savir, bulqar, varsaq və başqalarının əskidən Azərbaycanda yaşadıqları barədə bilgi üzə çıxır. Belə qəbiləbirləşmələrdən biri də Xaylandurq, Haylantürk, Saylantürklər olmuşlar. Bir çox araşdırmaçılar (V əsrin tarixçiləri Yeğişa, tanınmış bilici M.Markvart) Xaylantürklərin/Saylantürklərin Hun xaqanlarının ali ordası baş dəstəsi olduğunuda yazır. Deməli, Xaylantürklər/Saylantürklər Qafqazda yaşayan hunlardan imişlər.
Həmişə məni Salyan adının mənası
maraqlandırırdı. Çünki rəhmətlik atam Əşrəfin dayısı Qurban kişi deyərdi ki,
bizim əslimiz Salyanlıdır. Hal-hazırda Rəncbər kəndində biz yeddi arxa dönənimizin
şəcərəsini bilirik. Nəslimizin yeddinci şəcərəsi Ataxandır. Kənddə isə bizə
"Abılı" deyirlər. Ataxanın dörd oğlu olub. Ondan biri, yəni Abı kəndə
gəlib. Bütün nəsil ondan törəyib. İndi bizə "Abılılar" deyirlər.
Saylantürk
yəni "sayılantürk". Saylan sözünün kökü "say"dır. Say çoxmənalıdır.
Onun "miqdar, saymaq", eləcə də "hörmət etmək" mənaları
vardır. Başqırd dilində "h" ilə söylənilən sözlər digər türk dillərində
"s" ilə deyilir. Misal üçün: hirkə-sirkə, harı-sarı. Bu misallardan
aydın olur ki, bir sıra türklərdə, o cümlədən oğuzlarda "Haylan"
"Saylan" olmuşdur.
Sayılan
xalq arasında deyilən o sayılan adamlardır. Sayaçı sözləri vardır.
Saya-saya-say
bəylər,
Bir-birindən
yey bəylər.
Xaylantürk/Saylantürklər
xaqanın ordası, seçilmiş dəstəsi olmuşdur. Sayılan sözünü oxuyarkən yadıma
Sayıllı soyadı düşdü. Bu soyadı (hal-hazırda da bu soyadından istifadə edilir)
sübut edir ki, bu şəhərin adı yerli qocaların dediyi kimi "su yuyan
yer", bəzilərinin dediyi kimi "sal yan alan yer" deyil,
"Saylan (Sayılan)"dır. Çünki türk qəbilələri düşdükləri yerə qəbilənin
adına uyğun ad verərmişlər. Tək fikrim budur ki, şəhərə Saylan və yaxud
Saylantürk adını verək və tarix gerçəkliyi bərpa edərək hay (erməni) şəkilçisindən
azad olar.
Müəllif: Qənimət
Haqsəda
Ünvan:
Şirvan şəhəri, Şirvan küç., ev 11.




























































































