Moderator.az xəbər verir ki, bu gün şəhid Əliyev Vaqif Vahid oğlunun adını daşıyan məktəbin kollektivi əlamətdar hadisə yaşayıb. Məktəbin açılışında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, təhsil işçiləri, məktəbin müəllim və tələbə kontingenti iştirak edib. Açılış mərasimində çıxış edən müəllimlər, şagird və valideynlər yaradılan şəraitə görə ölkə başçısına və şəhər rəhbərliyinə minnətdarlıq bildiriblər.
Adı təhsil aldığı məktəbə verilən şəhid Əliyev Vaqifin anası İradə Əliyeva oğlunun adını daşıyan məktəbin müasir şəkildə qurulması və oğlunun xatirəsini əbədiləşdirmək üçün məktəbin dəhlizində onun büstünün qoyulduğu üçün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə minnətdarlıq bildirib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında qeyd edib ki, məktəbin dünəni və bu gününə nəzər salanda qısa zamanda yaradılan şərait göz qabağındadır. 3 mərtəbəli məktəb binasının yenidən qurulması, yüksək səviyyədə tərtibat, kitabxana, idman zalı, akt zalı və fənn kabinetləri, laboratoriyalar şagirdlərin biliyinin artırılmasına xidmət edir.
Elmar Vəliyev vurğulayıb ki, yaxın günlərdə Gəncə şəhərində 4, 26, 39 saylı məktəblərin və bir neçə peşə məktəbinin də yenidənqurmadan sonra açılışı həyata keçiriləcək. İcra başçısı dövlət proqramına uyğun olaraq 2015-ci ilin sonuna kimi Gəncədə bütün məktəblərin əsaslı şəkildə qurularaq yenidən istifadəyə veriləcəyini bildirib.
Daha sonra məktəbin yenidən qurulmasında əməyi olan şəxslər Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən mükafalandırılıb. Çıxışlardan sonra rəmzi qırmızı lent kəsilib və məktəblə yaxından tanışlıq olub.
Qeyd edək ki, 1.075 şagird üçün nəzərdə tutulan məktəbdə hazırda 675 şagirdin təlim-tərbiyəsi ilə 77 müəllim və 17 nəfər yardımçı pedaqoji heyət məşğul olur. Məktəbdə 40 sinif otağı, kitabxana, 2 idman zalı, psixoloq və tibb otağı, bufet var. Məktəb binası 1988-ci ildə inşa edilib.Təhsil ocağının iki məzunu Əliyev Vaqif Vahid oğlu və Süleymanov Səbuhi İlyas oğlu vətən uğrunda gedən döyüşlərdə şəhid olub.






























































































