SSRİ dağıldıqdan sonra Rusiya ilk dəfə olaraq gəmilərini taktiki nüvə silahı ilə təchiz edib.
"Taktiki nüvə silahı regional müdafiədə daha nəzərəçarpacaq rol oynayacaq..."
"Bu, Rusiya ilə NATO arasında həm anlaşılmazlıq, həm də gözlənilməz insidentlər riskini artıracaq..."
"Arktika böyük dövlətlərin rəqabət meydanına çevrilir..."
Rusiya Hərbi-Dəniz Donanmasının taktiki nüvə silahı ilə təchiz edilən gəmiləri dənizə çıxıb. Norveç Kəşfiyyat Xidməti (NIS) özünün illik məruzəsində qeyd edib ki, SSRİ-də hərbi gəmilər müntəzəm olaraq öz bortlarında nüvə silahı ilə reydlər keçirib, lakin "soyuq müharibə" bitəndən bəri belə şey müşahidə edilməyib.
Moderator.az xəbər verir ki, bu barədə "qazeta.ru" nəşri yazıb.
Norveç kəşfiyyatının məlumatına görə, Rusiya Ukraynada özünün "yer-yer" sinfindən olan müasir raketlərinin dorddə üçünü istifadə edib. Ona görə də uzaq mənzilli yüksək dəqiqli silah arsenalının bərpası üçün zaman lazımdır, "taktiki nüvə silahı isə regional müdafiədə daha nəzərəçarpacaq rol oynayacaq".
İdarənin əməkdaşları həmçinin NATO-nun genişlənməsi və İsveçin alyansa qoşulmasından ehtiyat edir, çünki bu, Norveçi Rusiya ilə qarşıdurmaya sovq edə bilər.
Nüvə təhlükəsi
Məruzədə deyilir ki, nüvə potensialının əsas hissəsi sualtı qayıqlarda və Şimal donanmasının suüstü gəmilərində yerləşib, bu da, şübhəsiz, "Rusiya ilə NATO arasında həm anlaşılmazlığı, həm də gözlənilməz insidentlər riskini" artıracaq".
Norveç Kəşfiyyat Xidmətinin rəis müavini Lars Nordramın fikrinə görə, Rusiya yaxın illərdə daha da "avtoritar və hərbiləşdirilmiş" olacaq, təbliğat və ictimai rəyin manipulyasiya edilməsi isə yaxın illərdə yalnız güclənəcək. Moskva bu zaman bütün dünyada avtoritar rejimlərlə daha sıx təmaslar axtaracaq.
Taktiki nüvə silahı böyük olmayan nüvə döyüş sursatlarıdır, düşmənin iri hədəflərini və ya döyüş meydanında və ya yaxın arxa cəbhədə toplanan qoşunlarını məhv etmək üçün nəzərdə tutulub.
Donanmada həm artilleriya topları, həm də gəmi qanadlı raketləri, göyərtə aviasiyası, habelə torpedalar, dərin bombalar, yelkən və alt minalar taktiki nüvə silahı ilə təchiz edilə bilər. "Soyuq müharibə" dönəmində bir çox, hətta böyük olmayan gəmilər, məsələn, freqat sinfindən olan gəmilərin də bortunda nüvə arsenalı olub.
Arktika uğrunda mübarizə
Norveç Kəşfiyyat Xidmətinin ekspertləri əmindir ki, "Ukraynaya hərbi müdaxilə Rusiya ilə NATO arasında uzunmüddətli qarşıdurmaya təhrik edib", bu da "Rusiya və müttəfiqlərinin maraqlarının toqquşduğu bütün sektorlar və coğrafi rayonlara yayılır". Məruzə müəllifləri hesab edir ki, qarşıdurma həmçinin Arktikaya və Baltik dənizi regionuna da toxunub.
"Arktika böyük dövlətlərin rəqabət meydanına çevrilir. Ukraynada müharibə Rusiyanın Arktikada öz maraqlarının konsolidasiya edilməsinə tələbatı artırıb", - sənəddə deyilir.
Norveçin geosiyasi dəyəri təkcə coğrafi vəziyyəti ilə deyil, gələcəkdə Avropanın "Norveçin enerjiresurslarının tədarükündən asılı olacağı ilə" bağlıdır.
"Rusiya Norveç üçün getdikcə proqnozlaşdırılmayan qonşuya çevrilir. Moskvada Norveçi böyük dərəcədə aqressiv kollektiv Qərbin bir hissəsi, az dərəcədə maraqları kəsişən qonşu ölkə kimi baxılır", - NIS qeyd edib.

























































































