"Rusiya təbliğatında yeni trend yaranıb-həyatın mənası yoxdur, ən yaxşısı Putin uğrunda ölməkdir..."
"Özü şərab içir, qunduz əti yeyir, vəziyyəti əladır, amma rusiyalılara ölməyi məsləhət görür..."
Kreml təbliğatçısı Marqarita Simonyan bəyan edib ki, rusiyalılar üçün ölüm onsuz da labüddür, ona görə də xəstəlikdənsə, "düzgün və vacib" iş uğrunda ölmək daha yaxşıdır.
Moderator.az xəbər verir ki, bu fikirləri o, Boris Korçevnikovun "Həyat və tale" proqramında səsləndirib. Məlumatı "arbat.media" nəşri yayıb.
"Ölüm labüddür, ölüm hamımızı gözləyir. Hansısa uzun sürən və dəhşətli xəstəlikdənsə, hansısa düzgün və vacib iş uğrunda ölmək daha yaxşıdır", - Simonyan deyib.
Onun fikrincə, bir neçə on il erkən ölmək, xüsusilə ali idrak nöqteyi-nəzərindən qorxulu deyil.
"10, 20, 30 il fərqlə ölüm, prinsipcə, elə də böyük fərq deyil. Kainat nöqteyi-nəzərdən isə, ümumiyyətlə, çox deyil, Allaha şükürlər olsun, mən üç uşaq doğmuşam, həyatda istədiklərimdən nəyəsə nail olmuşam, ölkəmi müdafiə etmək, mübarizə aparmaq üçün Allah mənə yenə də fürsət verərsə, mən minnətdar olaram və buna sevinərəm", - təbliğatçı qadın bəyan edib.
O, əlavə edib ki, Putin "xüsusi hərbi əməliyyat"ı başlamazdan öncə o, Ukraynada müharibənin bu qədər uzanacağını düşünməyib.
"Mən güman edirdim ki, dəqiq əməliyyat olacaq, ola bilsin, Krımdakından bir azca mürəkkəb və ağrılı olacaq. Burada açar söz "bir azca"dır", - Simonyan deyib.
Xatırladaq ki, ötən ilin sonunda Simonyan prezident Putinə Ukraynada törətdiyi müharibəyə görə minnətdarlıq edib.
"Çox sağ olun ki, adamyeyənləri məhv edirsiniz. Çox sağ olun ki, ağrıyla, qanla da olsa, insanlarımızı bu adamyeyənlərin caynağından xilas edirsiniz. Biz isə bu işdə sizə nə qədər tələb etsəniz kömək edəcəyik", - uç uşaq anası Marqarita Simonyan bəyan edib.
"Rusiya təbliğatının yeni trend yaranıb-rusiyalılara həyatın mənası olmadığını, ən yaxşısı Putin uğrunda ölmək olduğunu izah etmək, həm də nə qədər tez ölsələr, bir o qədər yaxşı və rahatdır", - Simonyanın sözlərini ukraynalı siyasətçi Aleksey Qonçarenko şərh edib. O, qeyd edib ki, Simonyan öz həmvətənlərinə tez ölüm ideyasını təbliğ edərək, özünə heç nəyi əsirgəmir.
"Və bütün bunları kim deyir? Özü şərab içir, qunduz əti yeyir, özünü əla hiss edir. Nə özü, nə də əri cəbhədə deyil. Onların məqsədi başqadır-dəniz, dağlar... Onlar özlərinə məşğuliyyət tapırlar. Siz isə, rusiyallılar, gedin ölün", - Qonçarenko əlavə edib.





































































































