Sosial şəbəkədə iki gəncin görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atması ciddi tənqid olunub. Xoşagəlməz hal Bakı Musiqi Akademiyasının qarşısında baş verib.
Moderator.az-a açıqlama verən xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Xuraman Qasımova bu olayı olduqca biyabırçı və acınacaqlı mənzərə adlandırıb.

“Bu görüntüləri sosial şəbəkədə görüb çox üzüldüm! Çox heyf! Həm kövrəldim, həm də hirsləndim! Onlara görə utandım da! Yazıqlar olsun! O gənclərin heç bir mədəni dəyərlərdən anlayışları yoxdur. Onların heç xəbəri də yoxdur ki, bu kimin heykəlidir?! Əgər savadları varsa ad və soyadı oxuya bilərlər, amma əminəm ki, onlar bilmir ki, Üzeyir Hacıbəyli kimdir?! Bilmirəm bu gənclər kimdir, yoldan keçənlərdir yaxud bizim akademiyanın tələbələrdir?! Allah göstərməsin ki, onlar bizim tələbələrimiz olsun. Yox, inanmıram! Bu tərbiyəsiz hərəkətdir. Görəsən həmin gənclərin valideynləri onların bu hərəkətlərini necə qiymətləndirəcəklər?! Onlardan soruşmaq lazımdır ki, bu uşaqları hansı mənəvi dəyərlərlər altında böyütmüsünüz?! Videodan da aydın görünür ki, gənclər bu hərəkəti edəndə iki həddi-buluğa çatmış şəxs yanlarından keçir. Onlar niyə bu hərəkətə bir irad bildirmirlər?! Baxın görün nə qədər biganəlik var! Demək ki, onlar da bilmir ki, bu nə qədər tərbiyəsiz bir hərəkətdir! Küçədə bir adamın halı pisləşib, yerə yıxılarsa mən həmin adamın yanından sakit, səssiz-səmirsiz keçə bilmərəm! Çünki ona bir kömək lazımdır. Bax, bu uşaqlara da bir kömək lazım idi. Normal bir insan bu hərəkəti edə bilməzdi! Niyə ictimai qınaq yoxdur?! İnsanın ən pis nöqsanlarından biri də biganəlikdir. Çox təəssüf ki, bu cür gənclərimiz çoxdur. Onlardan soruşursan ki, Qara Qarayev kimdir?! Deyirlər ki, metro! Bu uşaqları axtarıb tapıb, onlarla maarifləndirici söhbətlər aparmaq lazımdır. Kim bunu edəcək?! Kimə bu lazımdır?! Araşdırsınlar ki, bunu zarafatyana ediblər ya ciddi?! Bu zarafatdırsa başqa bir oyuncaq, əyləncə tapmadılarmı?! Bu hərəkəti heç zarafatyana da etmək olmaz. Gəlib o boyda böyük, dahi bir insanın heykəlinin qarşısında dayanıb əylənməyi onlara kim ixtiyar verib?! Onlar bunu edənə kimi gedib bizim parklarımızı, canlarını vətən uğrunda qurban verən şəhidlərimizi ziyarət edə bilərdilər! Görərdilər ki, şəhidlər xiyabanında bizim necə igidlərimiz uyuyur! Bəlkə bundan sonra etdikləri hərəkətlərindən utanardılar da! Bu video bir neçə gündür kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə paylaşılır. Mən bu gün sizin vasitənizlə gördüm. Bəs bu günə qədər görənlər niyə öz münasibətlərini bildirməyiblər?! Mən telefonuma baxmıram, görməmişəm bəs digərləri niyə bu günə qədər susublar?!” deyə sənətkar bildirib.
Xalq artisti daha sonra aidiyyatı qurumların biganəliyindən gileylənib.

“Mədəniyyət Nazirliyinin aidiyyatı şöbələrinə gedib xəbər gedib çatmayıb?! Niyə bir ölçü götürülmür?! Mədəniyyət Nazirliyində gənclərlə bağlı bir şöbə fəaliyyət göstərir. Nə işlə məşğuldur o şöbə?! Tanışlıqla onu-bunu xaricə göndərməklə?! Bu bizim gələcəyimizdir, oturub-düşünməlidirlər! Gənclərin hələ də Üzeyir Hacıbəyovu tanımamaqları heç bir şey bilməməkləri deməkdir. Anar Kərimov il yarım Mədəniyyət naziri oldu, heç bir mədəniyyət xadimi ilə görüşüb, məsləhətlərini, tövsiyyələrini vermədi. Nə gənclərlə, nə də heç bir sənətkarla görüşüb, iclaslar etmədi. Bilmirəm, bəlkə də görüşüb, amma ən azından bizlərin də fikirləri və təklifləri ilə tanış ola bilərdi. Bütün bunların nəticəsidir ki, bu cür gənclərimiz böyüyür. Nə qədər ki, belə olacaq, bu cür hərəkətlərin baş verməsi də qaçılmaz olacaq. Bizim gənc nəslin hələ də mədəniyyət və musiqi xadimlərimiz haqqında bir o qədər də anlayışları yoxdur. Bilmirəm orta təhsil məktəblərində bu nə dərəcədə tədris olunur?! Bu həm də ailədən irəli gəlir. Mənim yadımdadır ki, biz uşaq olanda oturub ailə üzvlərimizlə birgə hansısa bir tarixçinin həyatını, yaradıcılığını öyrənirdik, müzakirə edirdik. Çox təəssüf ki, indiki nəsil heç nə öyrənmək, biliklərini artırmaq istəmir. Əlbəttə ki, mədəniyyət sahəsində olan aidiyyatı qurumlar buna ciddi yanaşmalıdırlar. Görəsən onlar öz yerlərindədirlərmi?! Nə dərəcədə bu işlərlə ciddi məşğul ola bilirlər?! Bu məmurlardan da çox şey asılıdır. Bəli, gənc nəsil gəlir. Bu gənc nəsil hansı fikirlərlə gəlir?! Buna ciddi yanaşmaq lazımdır. Çünki hər bir sahə mədəniyyətlə inkişaf edir” deyə böyük sənətkar bildirib.

































































































