Təcrübə göstərir ki, peyvənd olunduqdan sonra da koronavirusa yoluxmaq mümkündür. İstər peyvəndin birinci, istərsə də hər iki dozdan sonra virusa yoluxma halları son zamanlar geniş yayılıb. Rəsmi qurumlar bunun mümkünlüyünü peyvəndə gedən şəxsdə əvvəlcədən koronavirus əlamətlərinin olması ilə əsaslandırırlar. Belə olan halda sual yaranır.
Peyvənddən əvvəl koronavirusun olub-olmadığını yoxlamaq üçün test vermək daha doğru olmazmı? Test vermədən peyvənd vurdurmaq hansı fəsadlara səbəb ola bilər?
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanı silkələyən “Delta” ştammıdır - İnfeksionist AÇIQLADI
Mövzumuzun suallarını tanınmış həkim- terapevt Rasif Bağırov cabalandırıb.
Hazırda peyvənddən sonra virusa yoluxma hallarının olduğunu vurğulayan həkim praktikada həm də “Sinovac”ın özündən yaranan xəstəliklərin olduğunu da gizlətməyib:
“Şəxs nə vaxtsa yoluxub və koronavirusun əlamətləri onda olub. Sadəcə peyvənd vurdurandan sonra xəstəlik aktivləşməyə başlayıb.
Bunlar sıradan çıxarılası fərziyələr deyil. Amma bu, kütləvi və ya kifayət sayda ola bilməz. Əslində peyvənddən sonra immunitetin özünün yaratdığı xəstəliklər üzə çıxa bilər. Məsələn, şəxs var ki, “Sinovac”vurdurandan və üzərindən 4 ay keçəndən sonra virusa yoluxub. O zaman bunu necə anlaya və hansı immunitetin üzərinə yıxaq? Faktiki vaksin immuniteti saxlamır. Bu baxımdan “Sinovac” vurulan ölkələrdə bu proses heç vaxt aktuallığını itirməyəcək”.
Peyvənddən əvvəl test götürülməsi məsələsinə gəlincə, həkim Azərbaycanda bu prosesin mürəkkəb olacağına işarə edib:
“Reallıq odur ki, bu gün koronavirusun əlamətlərini özündə hiss edən və ya halsız, qızdırma başlayan xəstələrin çağırışlarına heç təcili tibbi yardım gedə bilmir.
Faktiki xəstəlikləri vaxtı-vaxtında yoxlaya bilmirlərsə, bu prosesi necə həyata keçirə bilərlər? Mümkün deyil... İstənilən şəxsdən soruşun, test götürmək üçün görün təcili tibbi yardım çağırışlara gedirmi? Rəsmi qurumlar bunun cavabını həkim çatışmazlığı ilə əlaqələndirirlər. Amma işsiz və işləmək üçün sıraya düzülən “n” sayda həkim var. Pensiyaya çxan həkimlərin yerinə kadr götürmürlər. Tibb universitetini bitirmiş və işsiz qalan gənc həkimlər baş alıb ölkədən gedir. Heç olmasa pandemiyada müvəqqəti də olsa, onlardan istifadə etsinlər”.
Alçina Amilqızı, Bizim.Media