BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Bakıda nəqliyyatın hərəkətini optimallaşdırmaq üçün bəzi küçə və prospektlərdə istiqamət dəyişiklikləri tətbiq olunacaq.
Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə bildirib.
O bildirib ki, Şıxov istiqamətində, yəni, Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Lökbatan dairəsi yaxınlığında təşkil olunacaq nəzarət postundan Bakı kənar-dairəvi yol istiqamətinə yönəldiləcək: “Oradan Badamdar istiqamətinə gedənlər həmin istiqamətə, Yasamal, Şamaxinka kimi tanınan əraziyə daxil olmaq istəyənlər isə həmin əraziyə gedən istiqamətdə təşkil olunacaq postlardan fasilələrlə buraxılacaq. Yəni, nəqliyyatın əsas hissəsi Biləcəri, avtovağzal və Sumqayıt istiqamətinə yönəldiləcək.
Şamaxı-İsmayıllı istiqamətindən gələn nəqliyyat vasitələri Müşfiq-Xocəsən yolundakı postlardan nisbətən məhdudiyyətlərlə “Şamaxinka” istiqamətinə və Ziya Bünyadov prospektinə buraxılacaqlar.
Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyat vasitələri Sumqayıt şəhərinin girişindəki yanacaqdoldurma məntəqəsinin yanında yerləşən postdan fasilələrlə buraxılacaq. Sumqayıt-Novxanı istiqamətindən gələn avtomobillər isə Binəqədi-Baksol yolundakı nəzarət postundan fasilələrlə keçə biləcəklər.
Sumqayıt-Novxanı istiqamətindən gələn nəqliyyat isə Binəqədi-Baksol yolunda təşkil olunacaq postdan fasilələrlə buraxılacaq.
Bu məntəqələr Bakıya giriş nöqtələri kimi təşkil olunacaq”.
Xatırladaq ki, 11-22 noyabr tarixlərində Bakıda, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.
Bizim.Media