Pandemiya dövrü ailələrin yaşamaq qaydalarını dəyişməklə yanaşı eləcə də qeyri-düzgün qidalanma vərdişləri də yaradıb.
Bu fikirləri mütəxəssis - pediatr Günay Hüseynzadə Bizim.Media-ya uşaqların düzgün qidalanmasından danışarkən söyləyib.
Pediatr əlavə edib ki, uşaqlar düzgün qidalanmamaq bacarıqlarını valideynlərindən öyrənirlər. Valideynlərin özləri də rasional qidalardan istifadə etməlidir. Məsələn, hər gün səhər yumurta yesinlər. Ən azı həftədə iki dəfə balıq, və dənli bitkilərdən istifadə etsinlər. Uşaqlarının sağlam qidalanmağını istəyən valideynlər ilk növbədə özləri övladlarına nümunə olmalıdırlar.
MÖVZU İLƏ BAĞLI:
Axşam yeməyindən imtina etmək kökəlməyə səbəb olur?
Bundan başqa pediatr əlavə edir ki, uşaqların qidalanma rejiminə bir çox amillər təsir edir:
“Məsələn televiziyada sərinləşdirici içkilərin, fastfood yeməkləri ilə bağlı gedən reklamlar şüuraltı olaraq uşaqlara təsir edir. Fastfood qidalarının tərkibində olan inqredentlər uşaqlarda asılılıq yaradır. Ona görə də alınan çörəkarası qidaları tez-tez istəyirlər. Dadlandırıcı rafinə olunmuş qidalardan uşaqları uzaq tutmaq lazımdır.
Çünki beyində asılılıq yaradır. Valideynlər uşaqlarda sağlam qidalanmaq vərdişini aşılamaq üçün yeməkləri onlarla birgə hazırlasınlar.
Və hazırladıqları qidalarda təbii məhsullardan istifadə etsinlər. Həm də onların maraq dünyasına uyğun olaraq görünüşcə fastfood qidalara oxşayan, lakin tərkibcə təbii məhsullardan istifadə edərək evdə də pizza, hamburger, kolbasa, dönər və s. hazırlamaq olar. Uşaqlar körpə olanda 6 aylığından sonra düzgün qidalanmaq vərdişini aşıqlamaq lazımdır”.
Mütəxəssis - pediatr əlavə edir ki, kiçik yaşlarında fastfoodla qidalanan uşaqlarda bir çox xəstəliklər yaranır:
“Belə uşaqlarda piylənmə, ürək-damar xəstəliyi yarana bilir. Eləcə də şəkərli diabet, qız uşaqlarında vaxtından əvvəl cinsi inkişaf başlayır. Məsələn 10 yaşında cinsi inkişaf prosesi getməlidirsə, bu dövr 8 yaşında inkişafa başlayır. Düzgün qidalanmayan uşaqlarda polikistik over sindromularına daha çox rast gəlinir”.
Gülşanə Mustafayeva, Bizim.Media