Azərbaycanda koronavirusa görə ölüm NİSBƏTİ - PİK nöqtə - ARAŞDIRMA  

Azərbaycanda koronavirusa görə ölüm NİSBƏTİ - PİK nöqtə - ARAŞDIRMA  

Hazırda oxunan: Azərbaycanda koronavirusa görə ölüm NİSBƏTİ - PİK nöqtə - ARAŞDIRMA  

17020

Bir ildən çoxdur dünyada, eləcə də Azərbaycanda tüğyan edən koronavirus pandemiyasına qalib gəlmək mümkün olmur. Bir sıra ölkələrdə virusla mübarizədə vaksinasiya prosesinə başlanılsa da, infeksiya getdikcə daha aqressiv şəkil alır. Bu isə koronavirusdan ölüm nisbətinə təsir edir. 

Qeyd edək ki, koronavirus pandemiyası Azərbaycanda ötən il fevralın 28-də mövcud olub. O dövrdən indiyədək 3711 nəfər virusun qurbanı olub. 

Bizim.Media ölkədə koronavirusdan ölüm nisbətinin dövrlərə görə dəyişməsi və faiz göstəricisini araşdırıb.

Məlum olub ki, ötən ilin eyni dövrü ilə müqayisədə virusdan ölənlərin sayı bir neçə dəfə artıb.

Belə ki, 2020-ci ilin aprel ayına olan məlumata görə ölkədə cəmi 7 ölüm halı qeydə alınıb. Yoluxma isə 641 nəfər arasında müşahidə edilib. Daha sonra həm yoluxmada, həm də ölüm halında nisbət dəyişib.

Həmin ilin sonunda gündəlik yoluxma 3942 nəfər, ölüm isə 37 olub. Nazirlər Kabineti yanında Operativ Qərargahın statistik rəqəmlərindən bəlli olur ki, vrusdan ölənlərin sayı ötən ilin payız aylarından etibarən artıb. Hətta gündəlik ölüm sayı Azərbaycanda 30-50 arası da olub.

Bu ilin yanvar ayından indiyədək olan statistik göstəricilər onu göstərir ki, yanvar ayının əvvəlindən gündəlik yoluxma təxminən 400-dən başlayıb, amma ölüm halı artıb.

Yəni 2021-ci il yanvar ayının 2-də gündəlik yoluxma 421, ölüm 33 olub. Həmin il fevralın 2-nə olan məlumata görə gündəlik yoluxma 159, ölüm sayı 5-ə düşüb. Martın 2-nə olan məlumata görə gündəlik yoluxma 352, ölüm sayı 2 olub. Aprelin 2-nə olan məlumata görə isə həm yoluxma, həm də ölüm sayında bir neçə dəfə artım qeydə alınıb. Həmin tarixdə gündəlik yoluxma 2361, ölüm sayı 24 nəfər olub. Ötən gün isə koronavirusdan ölənlərin sayı artaraq 34 nəfər təşkil edib. 

Araşdırmalarımızdan o da məlum olub ki, Azərbaycanda ən çox ölüm faizi 80 və yuxarı yaş qrupları arasındadır.

Belə ki, 80 və ya yuxarı yaş qrupları arasında ölüm 14,8 faiz, 70-79 yaş arası şəxslər 8 faiz, 60-69 yaş 3,6 faiz, 50-59 yaş arası olanlarda 1,3 faiz, 40-49 yaş aralığında 0,4 faiz, 10-39 yaş arası 0,2 faiz, 0-9 yaş arasında olanlarda isə 0 faiz təşkil edir. 

Məlumat üçün bildirək ki, qeyd olunan rəqəmlər Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi statistikasıdır. Həkimlərin dediyinə görə istər yoluxma, istərsə də ölümlə bağlı real durum daha acınacaqlıdır. 

Hazırda Azərbaycanda koronavirusun üçüncü dalğası müşahidə edilir. Bu dövrdə virusdan ölənlərin sayında artım var. 

Həkimlərin bildirdiyinə görə son zamanlar koronavirusdan ölüm hallarının çoxalması virusun aqressivləşməsi və mutasiyaya uğraması ilə əlaqədardır. 

Tibb elmləri doktoru, professor Adil Qeybulla Bizim.Media-ya açıqlamasında deyib ki, gündəlik yoluxma və ölüm sayına nəzər saldıqda, doğrudan da ölüm halları ikinci dalğa ilə müqayisədə daha çoxdur:

“Həm xəstələnmə, həm də ölüm sayında artım olduğu danılmazdır. Amma üçüncü dalğa bitdikdən sonra rəqəmlərin müqayisəli təhlilini aparmaq daha rahat və dəqiq olacaq. O ki qaldı ölüm hallarının artmasına, bu, ştammların çox yoluxuculuq qabiliyyətindən və ölüm törədici göstəricilərin yüksək olması ilə bağlıdır. Yaz mövsümündə ölüm hallarının artmasında müəyyən qədər fəsil də böyük rol oynayır. Əsas məsələdən biri isə ştammın aqressivliyidir. Görünən odur ki, xəstəlik indi daha ağır formada keçir”.

Qeyd edək ki, koronavirusdan ölüm nisbəti ölkədən-ölkəyə əhalinin sayına görə dəyişir.

Dünyada yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 3 milyonu keçib.  Mütəxəssislər bunun səbəbini Braziliya və Hindistan kimi ölkələrdə yoluxma və ölüm hallarının çoxalması ilə əlaqələndirirlər. Digər tərəfdən, virusun mutasiyaya uğramış növləri də bu mənfi tendensiyaya kömək edir.

Avropada ümumilikdə 1,1 milyon insan COVID-19-un qurbanı olub. Burada ölümlərin 60 %-i İngiltərə, Rusiya, Fransa, İtaliya və Almaniyanın payına düşür. ABŞ-da sözügedən infeksiyanın qurbanlarının sayı 555 mindən artıqdır. Bu isə bütün ölüm hallarının 19 %-i deməkdir. Digər ölkələrlə müqayisədə Azərbaycanda ölüm faizi təxminən heç 0,1 faiz deyil. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO