Adı “pulsuz” olan doğuş və qeysəriyyə QİYMƏTLƏRİ – ARAŞDIRMA 

Adı “pulsuz” olan doğuş və qeysəriyyə QİYMƏTLƏRİ – ARAŞDIRMA 

Hazırda oxunan: Adı “pulsuz” olan doğuş və qeysəriyyə QİYMƏTLƏRİ – ARAŞDIRMA 

166507

Gürcüstan Səhiyyə Nazirliyi ölkədə bundan sonra doğuşun pulsuz olacağı ilə bağlı məlumat yayıb. Məlumata görə, bura qeysəriyyə kəsiyi əməliyyatı da daxildir.

Azərbaycanda isə dövlət tibb müəssisələrində təbii doğuşla bərabər, qeysəriyyə kəsiyi əməliyyatı uzun illərdir ki, ödənişsizdir. İki ildir isə icbari tibbi sığorta hesabına aparılır. Söhbət klassik qeysəriyyə əməliyyatından gedir. 

Buna baxmayaraq dövlətə məxsus xəstəxanalarda ana olmaq xərc tələb edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Hamilə qadınlara XƏBƏRDARLIQ – “Siqaretdən istifadə etsəniz...” 


Bölgələrdə doğuş qiymətləri 400-600 manat arası dəyişir. Paytaxtda yerləşən dövlət xəstəxanalarında isə “həkim pulu” 500-800 manatdır. Bu yerindən aslı olaraq dəyişir. Ümumilkdə, dövlət balansında olan tibb ocaqlarında ana olmaq orta hesabla 700-800 manata başa gəlir.

Ölkəmizdə qeysəriyyə əməliyyatlarının sayı artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatında ötən il qeydə alınan doğuş sayının 121,011 olduğu göstərilib. Bunun 53,267-si qeysəriyyə kəsiyi əməliyyatı ilə baş verib. Bu da hər 100 doğuşdan 44-ü deməkdir. Halbuki 10 il bundan öncə -2012-ci ildə isə hər 100 doğuşun 17,8-i əməliyyat nəticəsində olurdu. 

Bizim.Media-nın araşdırmasına görə, dövlət xəstəxanaları və doğum evlərində təbii doğuş və qeysəriyyə kəsiyi əməliyyatı üçün vətəndaşlardan stabil məbləğ tələb olunmur.

Vətəndaşlar doğum tarixini, əməliyyatın qiymətini seçdikləri həkimlə danışmalıdırlar. Əvvəllər ata-ananın, nənə-babanın verdiyi “şirinlik” indi konkret məbləğ şəklində onlardan alınır.

Xəstəxanalar dəqiq qiymət “oxumasalar”, “nə verərsiniz, verərsiniz” deyiminə sadiq qalsalar da, yenicə qeysəriyyə kəsiyi ilə əməliyyat olan analar qiymətin 600 manatdan başladığını iddia edirlər.

İnsanların narazılıqlarını ən çox ifadə etdikləri “Facebook” sosial şəbəkəsində Şirvan şəhər Mərkəzi Xəstəxanasında təbii doğuşun qiymətinin aşağı həddinin 200 manat, klassik qeysəriyyə kəsiyi əməliyyatının isə 400 manat olduğu qeyd edilib.

Xəstəxananın fəaliyyətindən narazı qalan vətəndaş doğum şöbəsində sadə müayinə üçünsə hamilə qadınlardan 10-20 manat məbləğində ödəniş aldığını ictimailəşdirib. 

Digər nümunələrdə də xəstəxanalarda doğuşa görə pulun tələb olunduğu və pul verməyənlərə xidmət göstərilmədiyi iddia olunur. Konkret qurumlara ünvanlanan şikayət mətnlərinə rəy bildirən vətəndaşlar belə hallarla üzləşdiklərini ifadə ediblər.

İddialarla bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, qeyd edilən xoşagəlməz hallar barədə əsaslı sübut olduğu halda TƏBİB-in müvafiq struktur bölmələri və ya ya aidiyyəti orqanlar tərəfindən araşdırıla bilər:

“Hazırda vətəndaşlar qeyd edilən tibbi xidmətlərdən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində ödənişsiz şəkildə yararlanırlar. TƏBİB olaraq vətəndaşa keyfiyyətli tibbi xidmətin göstərilməsi prioritet məqsədlərdəndir”.

Qurumdan qeysəriyyə əməliyyatı və doğuşla bağlı tibbi xidmətlərin icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinə daxil edildiyi bildirilib:

“TƏBİB-in tabeliyindəki tibb müəssisələrində bu xidmətlər sığortaolunanlara ödənişsiz şəkildə həyata keçirilir. Xidmətlər Zərfi ilə hamilə qadınların profilaktik müayinələri, ambulator və stasionar şəraitdə onlara göstərilən tibbi xidmətlər təminata alınıb.

Doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı, stasionar yatış zamanı dərman, tibbi sərf və qidalanma, laborator və instrumental müayinə, diaqnostika və müalicə tədbirləri ödənişsiz olaraq göstərilir.

Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir. Habelə vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması da icbari tibbi sığorta ilə qarşılanır”.

Məlumatda doğuşdan sonrakı dövrdə zahı qadınların müayinə və müalicəsi, yenidoğulmuşların müşahidəsinin aparılması və ana südü ilə qidalanmaya dair məsləhətlərin verilməsinin də ödənişsiz göstərildiyi qeyd edilib.

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO