Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyilə 21-25 aprel tarixlərində keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən VI Azərbaycan-Alman-Türk Tibb Konqresi və VIII Bakı Beynəlxalq Tibbi Treyninq Günləri çərçivəsində sonuncu gün canlı yayımda əməliyyat icra olunub.
TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə, qurumun tabeliyindəki klinikaların birinin tibb müəssisəsində baş tutan əməliyyat professor Qurbanxan Müslümov tərəfindən icra edilib.
Konqresə Türkiyədən qatılan iki, Birləşmiş Ərəb Əmirliklərindən gəlmiş bir professorun da assistentlik etdiyi əməliyyatda 61 yaşlı qadın pasiyent üzərində düz bağırsağın aşağı hissəsinin böyük ölçülü şişinin olduqca mürəkkəb əməliyyatı uğurla həyata keçirilib.
Dünyanın bir çox yerlərində oxşar patologiyalar zamanı, əsasən, ömürlük kolostomanın qoyulması ilə başa çatdırılan əməliyyatlardan fərqli olaraq, sözügedən cərrahi müdaxilə zamanı müasir texnologiyaların tətbiqi ilə minimal invaziv yolla xəstənin mühüm fizioloji aktlarının saxlanılmasına xidmət edən orqanqoruyucu əməliyyat icra edilib.
Əllidən artıq iştirakçının qatıldığı toplantı zalına translyasiya edilən canlı əməliyyatın ayrı-ayrı mərhələləri yüksəkixtisaslı xarici və yerli həkimlərin moderatorluğu ilə müzakirə edilib, verilən suallar cavablandırılıb.
Bizim.Media