Hekayə...
Mən kasıblığımla fəxr edə-edə qəsəbəmizdən yazmağa davam edirəm və olanlardan bir neçəsini sizə ərz edirəm.
Bizim qəsəbənin ən xoşbəxtləri gülüşləri, sevincləri sərhəd tanımayan, heç bir dərdləri olmayan körpələri idi. Biz hər bir fəslin öz problemlərini dərd edərkən bu saf körpələrin heç bir fəsillə düşmənçiliyi yox idi. Sularımız borularda donanda evimizin damına qar dənəcikləri, o dənəciklər də damdan sürüşüb həyətimizə düşəndə bizə dərd olurdusa, onların qartopu, o qar dənəciklərindən düzəldikləri adamcıq kimi sevincli anları var idi. Bilirəm, bir az yaşlı insan kimi danışdım. Amma mən uşaqlığın daşını erkən atmışam. Tale, bəxt...
Yadımdadı, biz bu qəsəbəyə köçəndə bu fağır, döşəməsi cansız insanın qabırğasına bənzər, tavanı qripə təslim olmuş insanın burunu kimi, divarları rütubətdən zənci balasına dönən evi almalı olduq. Payız, qış aylarının gəlməyi dərdə çevrilirdi. Evlərin gözləri tez-tez kor olur, istiliyi azalırdı. Çox yaxşı yadımdadı, dörd yaşım var idi.
Qəsəbənin incəsənət nümunəsi olan işıq xəttləri var idi. Buranın çirkabının haraya axdığı hələ elmə məlum deyildi. Elə ki, çirkab boruları tutuldu, adamdan başqa nə desən küçədə tapmaq olardı. Bilirəm bir az xoşagəlməyən və burun büzüşdürən cümlədir, amma bu sözləri yadda saxlayın...
Kənan adlı bir tanışım var idi. Kənan ortaboy, külək əsən kimi çəmənlikdəki otlar kimi dalğalanan, saçları olmayan, dildən iti və cüssəcə zəif idi. Bizim sözügedən qəsəbəmizin məhəllələri bir-birinə sıx şəkildə yerləşdiyindən bir məhəllənin camaatı ən azından ətrafındakı beş-altı məhəllənin camaatını rahatlıqla tanıyırdı. Mən də Kənanı belə tanımışdım. Doqquz illik savadı olan bu gənc öz ömrünü tinlərə, çayxanalara, davalara bəxş etməkdən məmnun idi. Onun evdə oturub bir saat əlinə Cek Londonun hansısa kitabını alıb oxuması yayda qar arzulamaq kimi bir şey idi. Kənan üçün Cek sadəcə viskilərdən birinin markasının adı, London isə İngiltərənin paytaxtı idi. Mən bu gəncin nə ilə məşğul olduğunu və onun düşdüyü mühiti müşahidə etmək üçün bir müddət onunla hərlənməli oldum. Düzdür, fikirləşəcəksiniz ki, çox bekar adam imişəm. Lakin oxuduğunuz sətirlərin qəhrəmanı Kənandır.
Payız ayları idi. Səhərimi gözəl rütubət qoxusu ilə açdım. Günorta naharı vaxtı idi. Nahar etdikdən sonra yollandım Kənangilin məhəlləsinə. Kənan həmişəki kimi təsbeh oynada-oynada siqaret çəkirdi. Mən münasibətləri bir az da yaxınlaşdırmaq istəyirdim. Kənandan soruşdum:
- Buralarda yaxşı bir yer tanıyırsansa gedək bir çay içək.
- Hə qardaşım, ( bizim zəmanənin ən işlək müraciət forması) bir yer var, daimi gedib gəldiyim yerdir. Gedərik ora.
- Elədirsə, gedək.
Qəsəbənin çox yaxınlığında bina evləri var idi. Binaların birinci mərtəbəsi çayxanalar, gözəllik salonları, bərbərxanalar, geyim satılan maqazinlər və s. üçün ayrılmışdı. Zirzəmilər də həmçinin. Nəhayət, gəldik çatdıq çayxanaya. Zirzəmini təmir edib çayxanaya çevirmişdilər. Bir neçə metr uzaqdan qəlyan qoxusundan bilmək olurdu ki, qabaqda çayxana var. Nə isə... İçəri daxil olduq. Bizi yubkası iki qarış olan sarışın bir xanım qarşıladı və əyləşməyimiz üçün rahat yerlərdən birini göstərdi. Kənan çayxanaların ab-havasını məndən daha yaxşı bilirdi. Çay və qəlyan sifariş etdi. Bir saata yaxın oturduq. İki kiloqram ətin pulunu verib qayıtdıq.
Bir neçə günün içində Kənan kimi vaxtımı boşa sərf etməyə başladım. Bu çayxanalarda gənclərin taleyi məhv olurdu. Qızların pozğunluğa addımları bu çayxanalardan başlayırdı. Bu yerlərdə əsaa proble vergi idi. Başqa heç bir şeyə nəzarət yox idi. Hər gün bu mənzərələrlə rastlaşırdım. Hansısa xüsusi otaqda qız ilə oğlan görürdüm , ya da tüstüyə düşmüş oğlan yığını. Kənan da özünü təslim edirdi bu tüstülərə. İnsanın bir dəqiqənin içində hansı hallara düşməsinin şahidi olmuşdum. Düşünürəm ki, o mühitdə olub qurtulmağı bacaran adamlar həqiqətən də güclüdürlər. Çünki, düşdüyün mühit səni ətrafdakılara qarşı korlaşdırır. Yalnız , mühitdən canını qurtarsan gözün açılacaq.
Bu qədər mənasız yaşam tərzindən zövq almaq üçün yalnız kor olmaq lazım idi. Mənəviyyatın alçaldığı zirzəmilərin vergi ödəməkdən başqa heç bir xeyiri yox idi.
Bir az müşahidədən sonra uzaqlaşdım Kənandan. Kənan isə o mühitdən uzaqlaşa bilmirdi. Avaralıq etmək pis xəstəlikdi, vərdişdi.
Xeyli müddət keçdi. Eşitdim ki, Kənan gecə barlarının birində qətlə yetirilib. Bu da avara həyatının sonu.
Qonşu məhəllədə yaşayan Mirdamət kişi seyid nəslindən idi və öz cəddindən aldığı enerjini elektrik olmağa sərf etmişdi. Evlərinin qapısında növbə ilə Fatimə ananın sehrli, şəfalı tüpürcəyindən ötrü sino gedən insanları ta iki tin qabaqcadan görmək olardı. Fatimə ananın Samaya adlı köməkçisi də var idi. Çıldaq işinə baxırdı. Baxırdı deyirəmsə deməli, burada nə isə var. Nə isə deyəndə ki, bir qaşıqda qurğuşunu əridib başının üstündə mızıldanıb fırlayandan sonra soyuq su dolu boşqaba tökürdü. Sonra o suyun içindəki qurğuşunu bir kağızın içinə büküb və yenidən açıb əfəl, avam adama göstərib deyirdi : "Bax , qurğuşun it şəklindədir, deməli, itdən qorxmusan". Və sonra nə isə yandırıb bədənin ən həssas nöqtələrinə vurmaqla adamı diksindirirdi. Sonda isə sənin heç bir qorxuluğun qalmadı deyib yola salırdı. Bir gün Mirdamət işıq dirəyində nasazlığı aradan qaldırmaq istəyərkən başı hərlənib xeyli hündürlükdən yerə çırpılmışdı. Xoşbəxtlikdən cəddi köməyinə çatmışdı. Sağ qalsa da, ayaqları bir daha açılmayacaqdı, yürüyə bilməyəcəkdi. Düzdü , bu sehrli ocağın gəliri ailənin bütün xərclərini ödəyirdi. Amma...
Zarafat deyil ki, bu şəfalı ocağın ikinci mərtəbəsi bu gəlirin hesabına ərsəyə gəlmişdi. Qoy bu cəddinə qurban olduqlarım öz işində olsun . Mən sizə məhəlləmizdən danışım.
Məhəlləmizin çirkab boruları tutulan kimi Adıgözəl dayı əlində uzunluğu iki metrə çatan məftillə boğaz silirmiş kimi düşürdü boruların canına. Adamdan başqa hər şey tapıb çıxardırdı. Dərdi-səri adam yoxluğu idi. Bir gün güclü leysan yağdı . Buludlar bir az dincələndən sonra adəti üzrə Adıgözəl dayını çağırmağa adam yolladıq . Ki, gəlsin bəlkə bu dəfə adam tapar. Yolladığımız adamlar Adıgözəlsiz və iki metr məftilsiz qayıtdılar. Nə iş olduğunu anlamadıq, amma Adıgözəl dayının başının qarışıq olduğunu fikirləşib özümüz həll etdik. Səhərisi gün məhəllənin kəsişməsindən qonşu məhəlləyə xeyli adamın toplaşdığını gördük. İlahi , bu dəhşətli səhnəni heç bir bəndə görməyə. Adıgözəl dayının gözünün nuru bir qızından iki nəvəsi var idi. Qızı və kürəkəni isə qəzada həlak olmuşdu. Ömür yoldaşı Gülsənəm xala isə iki il əvvəl haqqın dərgahına qovuşmuşdu. İndi gözünü Adıgözəl dayının əlinə dikən bu iki balaca uşaq nə edəcəkdi? Kişinin cənazəsini qonşuları , tək-tük qohumları yerdə qalmağa qoymadılar. Yaxın qonşular yenə də uzaq qohumdan seçilmişdilər. O iki balacanın bir oğlan , biri qız idi. Balaca Səmədin bacısı Nuranəyə dediyi sözlər qulağımda indi də səslənir: " Darıxma bacı, mən də babam kimi işləyib evə pul gətirəcəyəm". Kişinin nə səbəbdən ölməsini bilmədiyimdən adamların birindən soruşdum. Cavabını eşitdim və boğazım qurudu. Sən demə , qəfil leysana düşən Adıgözəl kişi ağzı açıq kanalizasiyalardan birinə düşüb , elə ordaca boğulub ölübmüş. Cəsədi isə yağış kəsəndən sonra həmkarı Ədalət kişi tapıbmış. Deyirəm ki, bəxtə bax . Ömür boyu adamdan başqa hər şey tap, sonda özündə boğul o çirkabın içində. Dəhşətdir. Axır ki, adam da tapıldı. Nəvələri isə qohumların laqeydliyi nəticəsində Uşaq evinə verildi...
Bu da maraqlı bir hekayətin maraqlı sonluğu....
Ey gecəqondu xatirələri. Səndən sonra nə qalacağını bilmirəm. Çox güman ki, vaxt gələcək və mənim əleyhimə çıxanlar bunları yazdığıma görə minnətdar olacaqlar.
Emin Akif

























































































