Azərbaycan Tailandda beynəlxalq sərgidə təmsil olundu - FOTO

Azərbaycan Tailandda beynəlxalq sərgidə təmsil olundu - FOTO

Hazırda oxunan: Azərbaycan Tailandda beynəlxalq sərgidə təmsil olundu - FOTO

94080

Azərbaycanın humanitar və beynəlxalq inkişafa yardım sahəsindəki uğurlu fəaliyyətləri Tailand Krallığının paytaxtı Banqkokda keçirilmiş Qlobal Cənub-Cənub İnkişafı Eksposu-2022 adlı beynəlxalq sərgidə tanıdılıb.

Bizim.Media Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisinin (UNOSSC), BMT-nin Asiya və Sakit Okean ölkələri üzrə İqtisadi və Sosial Komitəsinin (ESCAP), eləcə də Tayland Beynəlxalq İnkişaf Agentliyinin (TİCA) birgə təşkilatçılığı ilə sözügedən sərgi cari il sentyabrın 12-14-də Banqkok şəhərində keçirilib.

Sərgidə ölkəmizi XİN nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) təmsil edib.

Ölkəmizin həyata keçirdiyi beynəlxalq yardım fəaliyyətləri ilə bağlı qurulmuş guşədə iştirakçılara ətraflı məlumatlar təqdim edilib. 

Sərgi çərçivəsində təşkil olunmuş ESCAP Baş Direktorlar Forumunda çıxış edən AIDA-nın rəisi Elməddin Mehdiyev Azərbaycanın yeni donor ölkəsi kimi əldə etdiyi uğurları və beynəlxalq yardım siyasəti ilə bağlı iştirakçıları məlumatlandırıb.

Azərbaycanın qısa zaman çərçivəsində yardım alan dövlətdən yeni donor ölkəsinə çevrildiyi qeyd edilib. Hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan geniş miqyaslı bərpa və quruculuq işlərinə baxmayaraq, Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi beynəlxalq yardım fəaliyyətlərini davam etdirdiyi forum iştirakçılarının diqqətinə çatdırılıb.

Sərgi çərçivəsində AIDA nümayəndə heyəti mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıqları inkişaf etdirmək, eləcə də yeni əməkdaşlıqlar qurulmasını müzakirə etmək məqsədilə bir sıra görüşlər, o cümlədən ESCAP-ın İcraçı Katibi xanım Armida Alisjahbana, BMT Baş Katibinin köməkçisi və BMT İnkişaf Proqramının (UNDP) Siyasət və Proqram dəstəyi Bürosunun Direktoru Haolianq Şu və TİCA baş direktoru Ureerat Chareontoh ikitərəfli görüşlər keçirilib.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO