Təyyarələrin hərəkətini real vaxt rejimində izləyən Flightradar veb-saytı bütün dünyada istifadəçilər üçün fəaliyyətini dayandırıb.
Bizim.Media xəbər verir ki, bunu DownForEveryoneOrJustMe xidmətinin məlumatları sübut edir.
Sayt ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin mindiyi təyyarənin uçuşuna marağın artması fonunda bağlanıb. Meduza yazır ki, onun marşrutunu canlı olaraq 300 min insan izləyib.
Pelosinin təyyarəsi Bakı vaxtı ilə səhər saat 12 radələrində Kuala-Lumpurdan havaya qalxıb. O, şərqə doğru yönəlib və uçuşdan üç saat sonra şimal istiqamətinə - Tayvana tərəf dönüb.
Pelosinin Tayvana səfərinə Çin etiraz edir. Rəsmi Pekin adanı öz ərazisi hesab edir. Çin lideri Si Jinping ABŞ prezidenti Co Baydendən "odla oynamamağı" və Pelosinin səfərinin qarşısının alınmasını istəyib.
Çin sosial mediası yazır ki, Pelosinin təyyarəsi Tayvan hava məkanına uçarsa, onu vurmaq lazımdır. Rəsmi olaraq Pelosi Tayvana səfər etmək niyyətini təsdiqləməsə də, bunu inkar etməyib.
Xatırladaq ki, Çin ordusu zirehli texnika və təyyarələrini adaya doğru aparır. Buna cavab olaraq, amerikalılar bir təyyarədaşıyan gəmini bölgəyə göndərib. Böyük müharibə hər an başlaya bilər.
Pekin Tayvana ən yaxın olan Fujian əyalətinə DF-16 ballistik raket sistemlərini yenidən yerləşdirməyə başlayıb. Belə raketlərin uçuş məsafəsi 1000 km-ə çata bilər. Daha sonra çinlilər DF5b qitələrarası raketlərini daşımağa başlayıblar.
DF5b 12.000-15.000 kilometrədək uçuş məsafəsinə malikdir və 8-ə qədər hidrogen döyüş başlığı daşıya bilir.
Bizim.Media