Çinin Quansi Cuan muxtar bölgəsinin Beyhay sahil şəhərində COVID-19 virusuna yoluxma hallarının çoxalması səbəbindən karantin rejimi sərtləşdirilib.
Bizim.Media bölgə hökumətinin məlumatına istinadən xəbər verir ki, iyulun 12-dən etibarən şəhərdə 186 yoluxma faktı aşkarlanıb.
Yoluxmaların əsas hissəsi şəhərin ən iri topdansatış bazarı ilə əlaqəlidir. Yoluxan şəxslərdən götürülmüş nümunələrin genetik analizi infeksiyanın “omikron” ştamının daha qısa inkubasiya dövrünə malik BA.2.3 altvariantı olduğunu göstərib.
Bu altştama yoluxanlarda adətən xəstəlik əlamətləri olmur. Bununla belə virusun daha sürətlə yayılmasının qarşısını almaq üçün sərt karantin rejiminin tətbiqi məqsədəuyğun hesab edilib.
Bütün istirahət-əyləncə mərkəzləri, idman zalları, tədris mərkəzləri, turizm obyektləri bağlanıb, restoranlarda yerində xidmətlərin göstərilməsi qadağan olunub. Yoluxan xəstələrin və onlarla yaxın təmasda olan şəxslərin yerləşdirilməsi üçün xəstəxanalar və müvəqqəti təcrid yerləri müəyyən edilib.
Şəhərdə tam qapanma rejimin tətbiq edildiyi 86 yüksək və 70 orta riskli zonada yaşayanların ərzaq və gündəlik tələbat malları ilə təminatı üçün qüvvələr səfərbər olunub. Aşağı gəlirli ailələrə subsidiyaların verilməsi nəzərdə tutulub.
Səlahiyyətli qurumlar şəhərdə olan turistlərin müəyyən olunması, onların müayinəsi və yerləşdirilməsi üçün fəaliyyətə başlayıb. Son günlərdə Beyhaydan digər yaşayış məntəqələrinə gedənlərin müəyyən edilməsi üçün müvafiq qurumlarla əlaqələndirmə işləri aparılır.
Qeyd edək ki, mart ayının əvvəlindən etibarən paytaxt Pekin də daxil olmaqla, Çinin bir neçə yaşayış məntəqələrində virusa yoluxma hallarının artması fonunda sərt qapanma rejimi, Çinin işgüzar mərkəzi Şanxayda isə 2 ay müddətinə tam qapanma tətbiq olunub.
Karantin qaydalarını maksimum dərəcədə yumşaldan bir çox ölkədən fərqli olaraq, Çin daha az hospitalizasiyaya səbəb olan “omikron” dalğasında da “Sıfır COVID” və ya “Virussuz həyat” prinsipinə sadiq qalır.
“Sıfır COVID” strategiyası yoluxmalar aşkarlanan yaşayış məntəqələrində lokal qapanmaların tətbiqi və kütləvi test prosesinin icrası ilə yoluxma zəncirini erkən dayandırmağı, bununla da virusun ölkəyə yayılmasının qarşısını ilkin mərhələdə almağı əhatə edir. Hökumət iqtisadiyyata mənfi təsirinə baxmayaraq, “Sıfır COVID” strategiyasının ölkə üçün daha uyğun olduğunu düşünür.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:09 / 17.07.2022
Bu şəhərdə koronavirusa görə sərt karantin rejimi tətbiq olunur
Hazırda oxunan: Bu şəhərdə koronavirusa görə sərt karantin rejimi tətbiq olunur
Hazırda oxunan: Bu şəhərdə koronavirusa görə sərt karantin rejimi tətbiq olunur
84094
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.