İstanbulun fəthindən 569 il ötür - FOTO

İstanbulun fəthindən 569 il ötür - FOTO

Hazırda oxunan: İstanbulun fəthindən 569 il ötür - FOTO

76723

Dünya tarixinin axarını dəyişərək yeni dövr açan İstanbulun fəthindən 569 il ötür. 1453-cü il mayın 29-da Şərqi Roma İmperiyasının paytaxtı Konstantinopol Osmanlı sultanı II Mehmet tərəfindən fəth edilib.

Bizim.Media xəbər verir ki, bu tarix İstanbulda böyük coşqu ilə qarşılanır. Böyük fəthin ildönümü münasibətilə istanbullu gənclər şəhərin tarixi Ayasofya məbədində sübh namazına qatılıblar.

Türkiyə Dəyanət işləri rəhbəri Ali Erbaşın da iştirak etdiyi mərasimdə minlərlə gənc bir araya gəlib.

Tarixi fəthin 569-cu ildönümü münasibətilə İstanbulun Atatürk hava limanının ərazisində salınacaq “Millət bağçası”nın ilk ağacları da məhz bu gün əkiləcək. Bütün istanbulluların dəvətli olduğu ağacəkmə mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Ümumiyyətlə, şəhərdə müxtəlif tədbirlər, konsert proqramları, yarışlar və digər tədbirlər təşkil olunacaq.

İstanbulun fəthinin tarixçəsinə gəldikdə isə, məskunlaşma tarixi səkkiz min il əvvəl şəhərin Yenikapı bölgəsində aparılan qazıntılarla ortaya çıxıb. Neolit dövrünə qədər uzanan İstanbul eramızın IV əsrində Roma İmperatoru Böyük Konstantin tərəfindən Şərqi Roma İmperatorluğunun paytaxtı olaraq seçilib. Altı il ərzində şəhərin divarları genişləndirilib, məbədlər, rəsmi binalar, saraylar, ippodromlar və digər tikililər inşa edilib.

Dünyanın gördüyü ən böyük mühasirə və müdafiələrə şahid olan İstanbulu 1453-cü ildən əvvəl müxtəlif tayfalar və sivilizasiyalar dəfələrlə fəth etməyə çalışıblar.

Dünyanın mərkəzi hesab edilən bu tarixi şəhər 1453-cü ildə Bizans İmperiyasının paytaxtı ikən aprelin 6-dan mayın 29-dək davam edən mühasirənin nəticəsində fəth edilib. Fateh Sultan Mehmet (Osmanlı sultanı II Mehmet) tərəfindən həyata keçirilən bu fəth Osmanlı imperiyasının yaranmasına, Bizans imperiyasının isə tarix səhnəsindən silinməsinə səbəb olub.

İstanbul fəth edildikdən sonra bölgədəki dinc əhali tamamilə sərbəst buraxılıb ki, bu da sultanın əhali arasında nüfuzunu artırıb.

Şəhərin İstanbul adlandırılması ilə bağlı fərqli versiyalar mövcuddur. Bəzi mənbələrə görə, 1453-cü ildən əvvəl də bizanslılar şəhərə İstimboli, türklər isə Stanbol deyirdi.

Bosfor boğazı isə bizanslılar arasında Hellaspont, türklər arasında isə Boğaz olaraq adlandırılırdı. Osmanlı hökmdarları şəhər üçün ad seçməyərək, sadəcə, “İslam şəhəri” mənasını bildirən “İslambol” adını qəbul ediblər. Türkiyə Respublikası qurulduqdan sonra isə şəhər rəsmi olaraq İstanbul adlandırılıb.

Türkiyə Statistika Komitəsi tərəfindən aparılan son hesablamalara görə, 2021-ci ildə şəhərin əhali sayı əvvəlki illə müqayisədə 378 min 448 nəfər artaraq 15 milyon 840 min 900 nəfərə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO