“Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə Rəcəb Tayyib Ərdoğan arasındakı görüşün Qazaxıstan xalqı üçün böyük əhəmiyyəti var. Şəxsim adına deyə bilərəm ki, bu görüşün iqtisadi baxımdan çəkisi olduqca yüksəkdir. Son vaxtlar Qazaxıstan və Türkiyə arasındakı iqtisadi əlaqələr daha da sağlamlaşmağa başlayıb”.
Bu fikirləri Qazaxıstanlı politoloq Amangeldi Kurmet iki ölkə liderinin görüşünü Bizim.Media-ya şərh edərkən deyib. Politoloq iqtisadi əlaqələrin bu il rekord səviyyəyə qalxdığını qeyd edir.
“Ötən il Türkiyənin Qazaxıstana etdiyi yatırım rekord səviyyədə idi. Bu rəqəm 685 milyon dollara yaxın idi. Son 30 ildə Türkiyə bu qədər sərmayə qoymamışdı, Qazaxıstana. Bu o deməkdir ki, Türkiyə son zamanlar Orta Asiyada Qazaxıstan və Özbəkistana daha çox önəm verir. Qazaxıstanın Türkiyəyə ixracı da xeyli artıb. Qarşıdakı illərdə iki dövlət arasında ticarət dövriyyəsi 10 milyard dollara yaxınlaşa bilər. Bu vaxta qədər bu rəqəm 5.1 milyard dollar olub.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan Tokayevlə görüşdü - VACİB MÜZAKİRƏ
Qazaxıstan xalqı Türkiyə ilə Qazaxıstan arasında hərbi əməkdaşlığı görmək istəyirdi. Bu da reallaşdı. Qazaxıstan və Türkiyə birlikdə PUA (pilotsuz uçuş aparatı) istehsal edəcəklər. Bununla bağlı müqavilə də imzalandı.
Demək olar ki, Türkiyənin böyük şirkətlərindən daha biri Qazaxıstana gəlir. Bildiyim qədər, bəzi zirehli texnikalar da Qazaxıstanda istehsal ediləcək. Təbii ki, Türkiyə şirkətləri ilə. Bu istiqamətdə rəsmi açıqlama hələ ki, yoxdur”.
Türkiyənin də çıxarlarının xeyli olacağına diqqət çəkən Amangeldi Kurmet Rusiyadan çıxan şirkətlərin əksəriyyətinin Türkiyədə qərarlaşacağını deyir.
“Bu görüşdən Türkiyənin də çıxarları çox olacaq. Çünki Rusiyadan geri çəkilən bəzi şirkətlər Türkiyədə yerləşəcək. Bununla da Türkiyədən orta Asiyaya açılacaqlar. Orta Asiya olduqca böyük bazardır. Yanımızda Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan var. Hətta Əfqanıstana belə məhsul çıxarma şansı var. Beynəlxalq yükləri orta Asiyaya Türkiyə satacaqsa, bu, böyük gəlirlər deməkdir.
Bildiyim qədər Türkiyənin ən böyük yağ istehsalçısı olan şirkət Qazaxıstana qarşıdakı iki il ərzində 800 milyon dollarlıq yatırım edəcək. Düşünün, bu gün Ukraynadan yağ idxal edən ölkə bunu orta Asiyadan qarşılaya biləcək.
Ən böyük dəstək – bu gün xalq Türkiyənin yanımızda olduğunu hiss edir. Hansısa fors-major vəziyyətlərində Türkiyə Qazaxıstanın tərəfində olacaq.
Xalq əsgərlərin də Türkiyədə yetişdirilməsi istəyir. Düşünürəm ki, bu da reallaşacaq. Bu isə 10-15 il sonra tam bir Türk birliyinin yaranması deməkdir”, - deyə A.Kurmet əlavə edib.
Tehran, Bizim.Media