London Mərkəzi Cinayət Məhkəməsinin hakimi Vanessa Baraytser “Wikileaks”in qurucusu Culian Assanjın ekstradisiyası ilə bağlı ABŞ hökumətinin iddiasını rədd edib.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ tərəfinin vəkilləri, çox güman, apellyasiya şikayəti verəcəklər.
MÖVZU İLƏ BAĞLI:
VikiLiks-in qurucusu Culian Assanj məhkəmə qarşısında
Hökmü açıqlayan Baraytser Assanjın sağlamlığının ekstradisiya tələbini rədd etmək üçün yeganə səbəb olduğunu da qeyd edib.
“Müdafiə tərəfinin son substantiv arqumenti Assanjın səhhəti ilə əlaqədardır. Mən bir müddət onun sağlamlıq vəziyyətini və psixiatrların hesabatlarını araşdırdım... ABŞ-da ona qarşı ciddi təcridetmə ilə bağlı xüsusi inzibati tədbirlərin tətbiq oluna biləcəyini nəzərə aldım. Bu, Assanjın psixoloji sağlamlığına mənfi təsir göstərə bilər”, -hakim deyib.
Onun fikrincə, depressiya, autizm spektrinin pozğunluğu və Asperger sindromundan əziyyət çəkən Assanj yenidən intihar etmək barədə düşüncələrə dala bilər.
Qeyd edək ki, 2010-cu ildə İsveçdə cinsi təcavüz və zorlamada günahlandırılan Assanj ekstradisiya olunacağından qorxaraq 2012-ci ilin iyunundan bəri Ekvadorun Londondakı səfirliyində gizlənib.
Amma 2019-cu il aprelin 11-də o, ABŞ-ın istəyi ilə saxlanılıb. Ekstradisiya ilə bağlı dinləmələr 2019-cu il mayın 2-dən başlayıb. Bundan qısa müddət sonra ABŞ hökuməti Assanja qarşı casusluq və gizli məlumatların açıqlanması qanunlarının pozulmasının 17 epizodu üzrə yeni ittihamlar irəli sürdüklərini elan ediblər. ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə Assanj 175 ilə qədər həbs cəzası ilə üzləşə bilər.
Bizim.Media