ABŞ NATO-nu tərk edərsə... – Avropanı gözləyən QORXUNC SSENARİ

ABŞ NATO-nu tərk edərsə... – Avropanı gözləyən QORXUNC SSENARİ

Hazırda oxunan: ABŞ NATO-nu tərk edərsə... – Avropanı gözləyən QORXUNC SSENARİ

606172

Tramp adminstrasiyasının İranla müharibə fonunda NATO-ya münasibətinin kəskin şəkildə dəyişdiyi göz önündədir. NATO-nun Avropadan olan müttəfiqlərinin İran məsələsində ABŞ-a dəstək verməməsi sözü həqiqi mənasında Trampı xeyli qəzəbləndirib. Bu əsasda da Ağ Ev avropalı müttəfiqlərini NATO-dan çıxmaqla hədələyir.

Sirr deyil ki, NATO-nun özəyini Amerika təşkil edir. Təşkilatın hərbi və maliyyə baxımından bir nömrəli təminatçısı məhz ABŞ-dır. Bu isə o anlama gəlir ki, ABŞ olmasa, NATO birmənalı şəkildə güc mərkəzi kimi öz monolitliyini itirə bilər. Çünki təşkilatın Avropadan olan üzvləri təkbaşına üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlmək gücündə deyil. Xüsusən də, indiki şəraitdə, Rusiyanın təhdidlərinin artdığı bir məqamda ABŞ kimi müttəfiqdən məhrum olmaq Avropa üçün yaxşı heç nə vəd etmir. 

Görəsən, ABŞ NATO-nu tərk edərsə, Avropanı bu fonda nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Avropa indiki şəraitdə səbrlə ABŞ-da yeni siyasi şəraitin yetişməsini gözləyir:

“Şimali Atlantika bloku ABŞ-ın təşəbbüsü ilə yaradılan hərbi-siyasi blokdur. Blokun bütün depozit sənədləri ABŞ-da mühafizə olunur. Hazırda NATO heç zaman olmadığı qədər mürəkkəb bir mərhələdən keçir. Açıq şəkildə görünür ki, birlik daxilində ən müxtəlif strateji çatlar meydana çıxıb”.

Deputat qeyd edir ki, NATO-nun Baş katibinin ABŞ səfəri təşkilatın gələcəyi baxımından mühüm bir səfərdir:

“Bəziləri hesab edir ki, vaxtilə Varşava blokuna qarşı yaradılan NATO sosialist lagerinin artıq olmaması səbəbindən ləğv edilməlidir. Ancaq NATO bu illər ərzində özünün lazımlı təşkilat olduğunu həm qurum üzvləri, həm də onun da buraxılmasını proqnozlaşdıranlara sübut edə bilib. Bu müddət ərzində NATO tərəfindən dəfələrlə uğurlu əməliyyatlar keçirilib. Buna misal olaraq NATO-nun Balkanlarda ötən əsrin 90-cı illərin ortalarında keçirdiyi əməliyyatı göstərmək olar”.

H. Babaoğlu hesab edir ki, NATO gücünü qoruyub saxlamaq üçün müasir dövrün tələblərinə cavab verməli olduğunu vacib hesab edir:

“Dünyada baş verən qlobal hadisələr kontekstində bu təşkilat da ya yenilənməli, ya da özünü buraxaraq tamamilə yenidən təşkilatlanmalıdır. Bu isə bir qədər çətin və ağrılı məsələdir. Blok üzvlərinin İranla müharibədə qurumun maliyyə xərcləri və hərbi ehtiyatlarının 70 faizini təmin edən ABŞ-a müttəfiq olaraq dəstək verməməsi təşkilat daxilində fikir ayrılıqlarının nə qədər dərin olduğunu ortaya qoydu”.

Həmsöhbətimiz ABŞ-ın NATO-dan çıxacağını da düşünmür:

“Bütün hallarda düşünürəm ki, hələlik ABŞ-ın NATO-dan çıxacağı barədə danışmaq bir qədər tezdir. Hər nə qədər Tramp bunu bəyan etsə də. Görünür, NATO baş katibinin Vaşinqtona olan bu səfərilə müəyyən məsələlər aydınlaşacaq. Bundan sonrakı dövrdə ABŞ NATO-dan istədiyini alacaqsa, körfəz müharibəsində qurumun dəstəyini ala biləcəksə, ittifaqın dağılması yox, əksinə onun daha da monolitləməsi baş verəcək”.

Avropa isə müsahibimizə görə, post Tramp dövrünə hazırlıq görür:

“Görünür, NATO-nun Avropadan olan üzvləri bir neçə il də səbr etməklə ABŞ-dakı yeni siyasi mərhələyə hazırlaşırlar. Çünki Tramp hakimiyyəti və ABŞ dövləti eyni məzmun ifadə etmir. Ona qədər isə qeyri-müəyyənlik bir müddət davam edəcək. ABŞ-ın NATO-dan çıxacağını proqnozlaşdırmıram”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO