Macarıstanın baş naziri Viktor Orbán ailəsinə yönələn təhdidlərdən sonra anasına zəng edərək onu sakitləşdirməyə çalışıb. Siyasətçi telefon danışığının videosunu sosial şəbəkə hesabında yayımlayıb.
Bizim.Media xəbər verir ki, təhdidlər Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq generalı Qriqori Omelçenko tərəfindən səsləndirilib.
Videoda Orban valideynlərinin vəziyyəti ilə maraqlanır və gərgin iş qrafikinə baxmayaraq özünün yaxşı olduğunu bildirir. “Mənim üçün narahat olmayın, hər şeyin öhdəsindən gələcəyəm, bunu bilirsən”, – deyə baş nazir anasının onun yorğunluğu ilə bağlı sualına cavab verib.
Daha sonra vəziyyəti şərh edən Orban bildirib ki, anası, şübhəsiz, baş verənlərdən narahatdır, lakin bunu göstərməməyə çalışır.
“O, bunu göstərməməyi üstün tutur. Amma biz bilirik ki, belə hallarda insan bunu deməsə də, narahat olur”, – deyə Orban əlavə edib.
Məlumata görə, baş nazirin valideynləri 80 yaşdan yuxarıdır və Macarıstanın Felcsút kəndində yaşayırlar. Müxalif fəallar daha əvvəl də onların evinin qarşısında etiraz aksiyaları keçiriblər.
Bundan əvvəl isə Ukrayna prezidenti Volodimir Zelenski də Orbanın ünvanına sərt bəyanat səsləndirmişdi. O bildirmişdi ki, Macarıstanın Kiyevə ayrılacaq Avropa maliyyə yardımını dəstəkləməməsi fonunda Ukrayna hərbçilərinə Macarıstan baş nazirinin ünvanını verə bilər ki, onlar onunla “öz dillərində danışsınlar”.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova isə bu bəyanatları şərh edərək bildirib ki, Orbanın ünvanına səslənən təhdidlər əslində bütün Macarıstana yönəlmiş təhdid kimi qiymətləndirilə bilər.
Bizim.Media
































































































