Qətər Hərbi Hava Qüvvələri İranın bombardmançı təyyarələrini Yaxın Şərqdə ABŞ hərbçilərinin yerləşdiyi ən böyük hərbi bazaya zərbə endirməzdən bir neçə dəqiqə əvvəl vurub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı CNN öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, İran Su-24 tipli iki taktiki bombardmançı təyyarəni Əl-Udeyd aviabazasına doğru göndərib. Həmin bazada təxminən 10 min amerikalı hərbçi yerləşir. Təyyarələrin digər ehtimal olunan hədəfi isə Qətər iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyan Ras Laffan qaz emalı zavodu olub.
Mənbələrdən birinin sözlərinə görə, İran təyyarələri hədəflərinə çatmağa “cəmi iki dəqiqə” qalmış məsafədə olub. Digər mənbə isə bildirib ki, təyyarələr vizual olaraq müəyyən edilib və “bombalar və idarə olunan sursatlarla” silahlandığı təsdiqlənib.
Təyyarələr radarların aşkarlamasından yayınmaq üçün çox aşağı hündürlükdə uçur və radio xəbərdarlıqlarına cavab vermirdi. Vaxt məhdudiyyəti və əldə olunan məlumatlara əsasən, onlar düşmən hədəfi kimi qiymətləndirilib. Bundan sonra Qətər Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcısı döyüşə daxil olaraq hər iki təyyarəni vurub.
İran təyyarələrinin qalıqları Qətərin ərazi sularına düşüb və ekipaj üzvlərinin axtarışı aparılır.
CNN qeyd edir ki, bu hadisə İranın hədəflərinə qarşı pilotlu döyüş təyyarələrinin istifadə edildiyi ilk hadisə, həmçinin Qətər Hərbi Hava Qüvvələrinin hava döyüşündə ilk iştirakı kimi qiymətləndirilir.
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn çərşənbə günü keçirilən brifinqdə insidenti təsdiqləyib, lakin İran bombardmançılarının konkret hədəflərini açıqlamayıb.
“Qətər qırıcıları ilk dəfə olaraq təyinat nöqtəsinə doğru hərəkət edən iki İran bombardmançısını vurub”, – deyə o bildirib.
Bizim.Media


































































































