Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı apararaq onu Livanda quru əməliyyatı keçirməkdən çəkinməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Makron bildirib ki, o, həmçinin Livan prezidenti Cozef Aun və ölkənin baş naziri Navaf Salam ilə də danışıqlar apararaq Livandakı son dərəcə gərgin vəziyyəti müzakirə edib.
“İsrailə və digər ölkələrə qarşı “Hizbullah”ın hücumlarının dərhal dayandırılmasının zəruriliyini bir daha vurğuladım. Bu eskalasiya strategiyası bütün regionu təhlükə altına qoyan ciddi səhvdir. Eyni zamanda İsrailin baş nazirini Livanın ərazi bütövlüyünü qorumağa və quru hücumundan çəkinməyə qəti şəkildə çağırdım”, – deyə Makron bildirib.
Fransa prezidenti tərəflərin atəşkəs razılaşmasına qayıtmasının vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, Fransa tərəfdaşları ilə birlikdə Livan Silahlı Qüvvələrinə dəstəyini davam etdirəcək ki, onlar ölkənin suverenliyini təmin edə və “Hizbullah”dan qaynaqlanan təhlükəni aradan qaldıra bilsinlər.
Makron həmçinin qeyd edib ki, Livanın cənubunda yaranmış humanitar böhran fonunda Fransa məcburi köçkün livanlılara yardım göstərmək üçün təxirəsalınmaz tədbirlər görəcək.
“Livan xalqı ilə həmrəyliyimiz və regional sabitliyə sadiqliyimiz fəaliyyətimizin əsasını təşkil edir”, – deyə Fransa prezidenti əlavə edib.
Bizim.Media

































































































