Kremldə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ nümayəndə heyəti arasında aparılan danışıqlar üç saat yarımdan çox davam edib və qapalı formatda keçirilib.
Bizim.Media “gazeta.ru”ya istinadən xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, qarşılıqlı etimad mühitində baş tutub.
Tərəflər Ukrayna məsələsini, ərazi problemini müzakirə ediblər və Kiyevin də iştirakı ilə üçtərəfli formatda təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ nümayəndə heyəti arasında danışıqlar yanvarın 23-nə keçən gecə başa çatıb. Kremlin məlumatına görə, görüş Moskva vaxtı ilə saat 23:25-də başlayıb və 03:04-də yekunlaşıb. Beləliklə, danışıqlar üç saat yarımdan çox çəkib. Görüş qapalı formatda keçirilib, mətbuat üçün açıqlamalar verilməyib və yekun sənəd imzalanmayıb.
Danışıqlarda Rusiya tərəfdən Prezidentin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev də iştirak edib. O, Kremldə keçirilən görüşü yüksək qiymətləndirərək müzakirələrin əhəmiyyətini vurğulayıb.
ABŞ nümayəndə heyətinə Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edib. Onunla birlikdə Kremldə Trampın kürəkəni Cared Kuşner, ABŞ Ümumi Xidmətlər Administrasiyasının Federal Satınalmalar Xidmətinin komissarı və Ağ Evin baş müşaviri Coş Qrünbaum da olub.
Ərazi məsələsi
Yuri Uşakovun sözlərinə görə, ABŞ nümayəndə heyəti Vladimir Putinə Prezident Donald Trampın Davosda Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi son görüşlə bağlı öz qiymətləndirmələrini təqdim edib. O bildirib ki, bu məlumatlar “birbaşa mənbədən” çatdırılıb.
Uşakov həmçinin qeyd edib ki, ərazi məsələsi həll olunmadan Ukraynadakı münaqişənin uzunmüddətli nizamlanmasına ümid etmək mümkün deyil. Onun sözlərinə görə, bu mövzu sülh prosesinin perspektivləri kontekstində əsas məsələ kimi nəzərdən keçirilib.
“Əsas məqam ondan ibarətdir ki, Prezidentimizin amerikalılarla danışıqları zamanı bir daha təsdiqləndi: Ankoriçdə razılaşdırılmış formul üzrə ərazi məsələsi həll edilmədən uzunmüddətli nizamlanmaya nail olmaq mümkün deyil”, — deyə Uşakov vurğulayıb.
Daha əvvəl Stiv Uitkoff Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Moskvaya uçmazdan əvvəl çıxışı zamanı bildirmişdi ki, ABŞ tərəfinin fikrincə, nizamlanma prosesi yekun mərhələyə yaxınlaşıb. Onun sözlərinə görə, Vaşinqton böyük irəliləyişə nail olub və danışıqlar bir əsas məsələnin həllindən asılıdır. Həmin məsələnin nədən ibarət olduğunu isə açıqlamayıb.
Abu-Dabidə danışıqların davamı
Kremldə keçirilən görüşün nəticəsi olaraq tərəflər təmasların davam etdirilməsi barədə razılığa gəliblər. Uşakovun bildirdiyinə görə, cümə günü Abu-Dabidə Rusiya, ABŞ və Ukraynanın təhlükəsizlik məsələləri üzrə üçtərəfli işçi qrupunun ilk iclası keçiriləcək.
Onun sözlərinə görə, bu görüşdə iştirak edəcək Rusiya nümayəndə heyəti artıq formalaşdırılıb, Prezidentdən müvafiq təlimatlar alıb və yaxın vaxtlarda BƏƏ-yə yola düşəcək.
“Nümayəndə heyətimiz təhlükəsizlik məsələləri üzrə artıq formalaşdırılıb və yaxın saatlarda BƏƏ-yə uçacaq. Heyətin tərkibinə Baş Qərargahın Baş İdarəsinin rəisi, admiral Kostyukovun rəhbərliyi altında Müdafiə Nazirliyinin rəhbər şəxsləri daxildir”, — deyə Uşakov bildirib.
Bundan əlavə, Abu-Dabidə iqtisadi məsələlər üzrə ikitərəfli işçi qrupunun rəhbərləri — Kirill Dmitriyev və Stiv Uitkoff arasında ayrıca görüşün keçirilməsi də planlaşdırılır.
Uşakov qeyd edib ki, Kremldə keçirilən görüş zamanı Vladimir Putin ABŞ nümayəndə heyəti ilə Prezident Donald Trampın “Sülh Şurası”nın yaradılması təşəbbüsünü də müzakirə edib. Onun sözlərinə görə, bu məsələ beynəlxalq və regional gündəliyə dair digər mövzularla yanaşı nəzərdən keçirilib.
Bizim.Media





























































































