Qrenlandiya ətrafında cərəyan edən proseslər ABŞ-la Avropadakı müttəfiqləri arasında gərginliyi artırmaqda davam edir.
Bu məsələdə ABŞ Prezidenti Donald Tramp avropalı həmkarları ilə müqayisədə daha qətiyyətli və qərarlı olduğunu ortaya qoyub. Onun çıxışları, açıqlamaları, Qrenlandiya əhalisinə verdiyi vədlər, ada ilə bağlı mövqeyində israrlı olduğunu göstərir.
Bunu Trampın Davosdakı çıxışından da görmək olar.
“Mən cəmi bir parça buz istəyirəm – soyuq və əlverişsiz yerdə yerləşən, amma dünya miqyasında sülh və təhlükəsizliyin təmin olunmasında həyati rol oynaya biləcək bir parça. Bu, onlara uzun illər, onilliklər boyu verdiklərimizlə müqayisədə çox təvazökar bir xahişdir”, – ABŞ Prezidenti bildirib.
Daha əvvəl isə Tramp ABŞ-ın Qrenlandiya planlarına qarşı çıxan ölkələri tariflərlə hədələyib. Eyni zamanda o, Qrenlandiya əhalisini öz tərəfinə çəkmək üçün Amerikaya birləşmə ideyasını dəstəkləyəcəkləri təqdirdə, onların hər birinə 1 milyon dollar verəcəyini vəd edib.
Bir sözlə, ABŞ Prezidenti istəyinə çatmaq üçün hər cür vasitələrdən istifadə edir və Avropanın mövqeyini nəzərə almır.
Köhnə qitəyə gəlincə...
Aİ liderlərindən bəziləri Qrenlandiya ilə bağlı Trampa qarşı çıxsalar da, aralarında vahid mövqenin olmadığı sezilir. Bunu Almaniyanın Qrenlandiyaya 15 nəfərlik əsgər heyəti göndərib, iki gün sonra onları geri çağırmasından da görmək olar. Həmçinin, NATO baş katibi Mark Rütte də Trampdan çəkinərək, məsələdə qətiyyətsizlik nümayiş etdirir. Bütün bunlar isə Avropanın xaosa yuvarlandığına işarədir.
Avropa düşdüyü xaosdan çıxmağı bacaracaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, hazırki situasiyada Avropa ölkələri təhlükəsizlik və müdafiə qabiliyyəti baxımından heç də yaxşı durumda deyillər:
“Bunu Rusiya-Ukrayna müharibəsi xüsusilə qabarıq şəkildə üzə çıxartdı. Həmin savaş onu göstərdi ki, ABŞ-ın bilavasitə müdaxiləsi olmadan Avropa ölkələri hətta öz müdafiələrini belə lazımi səviyyədə qorumaq imkanına malik deyillər. ABŞ Prezidenti Donald Trampın bu məsələni gündəmə gətirməsilə “köhnə qitə” özünün müdafiə qabiliyyətini gücləndirmək üçün büdcələrindən əlavə vəsaitlər ayırmaq istiqamətində hərəkətə keçdi”.
Avropa ABŞ olmadan heç nədir.
Deputat qeyd edir ki, Tramp Avropanın düşdüyü vəziyyətdən kifayət qədər məharətlə istifadə edir:
“Rusiya-Ukrayna müharibəsilə bağlı onun Avropaya münasibətdə sərgilədiyi mövqe bir daha göstərdi ki, Vaşinqtonun dəstəyi olmadan Avropa özü toparlanaraq, nəsə etmək gücündə deyil. Bu baxımdan da Trampın Qrenlandiya ilə bağlı tələblərinin faktiki olaraq nəticə verəcəyi ehtimalı daha böyükdür. Amerika Prezidenti Avropanın etirazlarına məhəl qoymur və öz mövqeyində israr edir”.
“Qrenlandiya ABŞ-ın siyasətinə uyğunlaşdırılacaq”.
Əlizadə deyib ki, dünya düzənində ciddi dəyişikliklərə gedilməsinə start verilib:
“Dünyanın yenidən bölüşdürülməsi, güc nisbətlərinin müəyyənləşdirilməsi artıq günümüzün reallığıdır. Tramp da mövqeyindən istifadə edərək, Qrenlandiya ilə bağlı tələbi ortaya qoyub və bu məsələdə ABŞ daha güclü görünür. Qrenlandiya ilə bağlı prosesin ABŞ-ın siyasətinə uyğunlaşacağı daha realdır. Avropa ölkələrinin toparlanaraq ABŞ-a ciddi müqavimət göstərməsi imkanları lazımi səviyyədə deyil”.
Rüfət Sultan, Bizim.Media






























































































