Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Ukraynanın nüvə elektrik stansiyalarına zərər verməyə çalışır. Ukrayna tərəfində Moskvanın hansı ərazilərdə kəşfiyyat apardığı barədə məlumatlar var.
Bundan əlavə, Ukrayna kəşfiyyatının məlumatlarına görə, Rusiya daha böyük hücumlara hazırlaşır.
Bəs iki ölkə arasında sülh üçün addımların atılacağı gözlənildiyi bir vaxtda, gərginliyin daha da artması nəyə hesablanıb?
Mövzu ilə bağlı Bizim.Media-nın suallarını ukraynalı hərbi ekspert Aleksandr Kovolenko cavablandırıb.
Ekspert hesab edir ki, Rusiya Federasiyası Ukrayna ərazisinə zərbələr endirməyə davam edəcək:
“Rusiyanın hərbi strategiyasında Ukraynanın arxa cəbhəsinə qarşı terror xarakterli hücumlar xüsusi yer tutur. Bunlardan başlıcası da, 2022-ci ildə general Surovikin tərəfindən irəli sürülən konsepsiyadır. Yəni, energetika infrastrukturunun məhv edilməsi yolu ilə mülki əhalinin terrora məruz qoyulması.
Artıq dördüncü ildir ki, bu metod tətbiq olunur. Rusiyanın bu strategiyadan imtina edəcəyinə dair heç bir əsas görünmür. Əksinə, Ukraynada kəskin şaxtalar başlayan kimi Rusiya mövcud olan maksimum resurslarını paytaxtın energetika infrastrukturunu hədəf almağa yönəltdi.
Hava şəraitindən məqsədli şəkildə istifadə edərək Kiyevin enerji təminatını iflic etməyə və paytaxtı genişmiqyaslı enerji kəsintisi ilə üz-üzə qoymağa nail oldular”.
Kovolenko qeyd edib ki, bu kimi hücumların davam etdirilməsi gözləniləndir:
“Məhz bu cür planlar iki ölkəni sülhdən daha da uzaqlaşdırır. Bu baxımdan Rusiya sözügedən xətti davam etdirərək terror aktları vasitəsilə Ukraynanı təslim olmağa məcbur etməyə çalışır.
Hərbi yolla əldə edə bilmədikləri nəticəni mülki əhaliyə təzyiq göstərməklə reallaşdırmaq niyyətindədirlər. Sülh məsələsinə gəldikdə isə, Rusiyanın sülh müqaviləsi imzalamağa və ya real sülh danışıqlarına hazır olduğunu göstərən heç bir əlamət yoxdur.
Rəsmi Moskva hələ də Ukrayna ərazilərini ələ keçirmək mövqeyini qoruyur və məqsədləri dəyişməz qalır. Hətta rəsmi şəxslər, o cümlədən Xarici İşlər Naziri Sergey Lavrov artıq Zaporojye, Nikolayev, Odessa və Dnepr kimi şəhərlərin ələ keçirilməsi ilə bağlı iddialar səsləndirməyə başlayıb”.
Moskvanın ərazi iddiaları və Ukraynanın mübarizəni davam etdirməsi danışıqlar prosesinə də zərbə vurur:
“Bununla belə, sülh planı ətrafında müzakirələrin davam etdirilməsi diplomatik prosesin vacib tərkib hissəsidir. Sülh planı birdən-birə ortaya çıxmır; hazırda gələcəkdə baza sənədi rolunu oynaya biləcək əsas çərçivə üzərində iş aparılır.
Rusiyanın ritorikasının dəyişməsi üçün isə bir neçə şərt zəruridir: Rusiyaya qarşı güclü hərbi-siyasi təzyiqin davam etdirilməsi, ölkənin iqtisadi və siyasi baxımdan tükəndirilməsi, eləcə də Rusiyanın hərbi potensialının sistemli şəkildə azaldılması. Hazırda Ukraynanın əsas vəzifəsi də məhz budur.
Yalnız ədalətli sülh prinsipləri əsasında və Ukraynanın milli maraqları nəzərə alınmaqla hazırlanan sənəd real sülhün bərqərar olması üçün təməl yarada bilər. Bu səbəbdən Rusiyanın sülh təşəbbüslərinə qarşı həyata keçirdiyi sabotaja baxmayaraq, Ukrayna və Qərbin bu istiqamətdə fəaliyyəti davam edəcək”, - deyə A.Kovolenko əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media































































































