ABŞ-ın Əmək naziri Lori Çaves-Detemer barəsində başladılan genişmiqyaslı daxili araşdırma Vaşinqtonda ciddi rezonans doğurub. Müfəttiş hesabatlarında yer alan iddialara görə, nazirlik ofisində alkoqol ehtiyatı saxlanılıb, dövlət vəsaiti hesabına striptiz klubuna səfər edilib, əməkdaşlara qarşı zorakılıq göstərilib və yüksək vəzifəli şəxslər arasında uyğun olmayan münasibətlər mövcud olub.
Bizim.Media xəbər verir ki, Lori Çaves-Detemer 2025-ci ilin aprelində Oreqona etdiyi səfər zamanı rəsmi proqramda nəzərdə tutulmayan Portlend şəhərindəki “Angels PDX” adlı striptiz klubuna nümayəndə heyətini aparıb və bu fakt sübutlarla təsdiqlənib.
İddialara əsasən, nazir öz ofisində şəxsi alkoqol ehtiyatı saxlayıb və iş saatlarında alkoqol qəbul edilib.
Bundan başqa, nazirin tabeliyində olan əməkdaşlardan biri ilə uyğun olmayan münasibət yaşadığına dair iddialar üzrə video görüntülər və daxili yazışmalar araşdırmaya cəlb olunub.
Lori Çaves-Detemer vəzifə otağında alkoqol saxlamaqdan tutmuş, dövlət vəsaiti hesabına tabeliyində olan şəxsləri striptiz klubuna aparmağa qədər bir sıra ağır ittihamlarla üz-üzə qalıb.
Müfəttişlərin apardığı araşdırma çərçivəsində nazirin bir əməkdaşı ilə münasibətdə olduğu da iddia edilir. Qalmaqalla bağlı nazirliyin iki yüksək vəzifəli əməkdaşı vəzifədən müvəqqəti uzaqlaşdırılıb.
New York Post nəşrinin yazdığına görə, araşdırma materiallarındakı ən diqqətçəkən məqam nazirin 2025-ci ilin aprelində Oreqona səfəri ilə bağlıdır. Ümumi dəyəri 2 890 dollar olan rəsmi səfər proqramına Intel çip mərkəzinə ziyarət və ştat qubernatoru ilə görüş daxil olsa da, nazirin heyəti Portlenddəki “Angels PDX” striptiz klubuna apardığı sübut edilib.
Hesabatlarda nazirin ofisində şəxsi alkoqol ehtiyatı saxlanılması və iş vaxtı alkoqol istifadəsi ilə bağlı iddialar yer alıb. Eyni zamanda, nazirin yüksək vəzifəli köməkçiləri Cihun Han və Rebeka Raytın əməkdaşlara qarşı sistemli təzyiq göstərərək düşmən mühiti yaratdığı qeyd olunub. Hər iki şəxs araşdırma çərçivəsində inzibati məzuniyyətə göndərilib.
Nazirin vəkili doktor Nik Oberhayden ittihamların əsassız olduğunu bildirərək deyib:
“Nazir bütün qanunsuzluq iddialarını qətiyyətlə rədd edir. Onun əsas məqsədi Amerika xalqına xidmət etməkdir”.
ABŞ Əmək Nazirliyinin sözçüsü isə “kadr məsələləri ilə bağlı şərh verilməyəcəyini” bildirərək açıqlama verməkdən imtina edib.

Bizim.Media



































































































