Avropada artıq Amerikanın iştirakı olmadan fəaliyyət göstərən effektiv bir qrup mövcuddur – “istəklilər koalisiyası”.
Bizim.Media xəbər verir ki, bu barədə Politico yazır.
Mənbə qeyd edir ki, ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirməsi ilə bağlı hədəsi Avropanın səbr kasasını daşıran son damla olub.
Əgər ABŞ-ın yanaşmasında radikal dəyişiklik baş verməzsə, bu proses Qərbin köklü şəkildə yenidən qurulması ilə nəticələnə və qlobal güc balansını dəyişə bilər. Avropa öz təhlükəsizlik alyansını yaratmağa hazırdır və bu alyansda Ukrayna mühüm rol oynaya bilər.
Politico-nun qeyd etdiyinə görə, Avropa ölkələri – o cümlədən Aİ üzvü olmayan Böyük Britaniya və Norveç – Trampın ikinci prezidentlik müddətinin böyük hissəsində artıq ABŞ-sız fəaliyyət göstərən effektiv format çərçivəsində işləyiblər. Bu format “istəklilər koalisiyası” kimi tanınır.
35 hökumətin milli təhlükəsizlik üzrə müşavirləri müntəzəm əlaqədədir, tez-tez onlayn və üzbəüz görüşür, həmçinin daha qeyri-rəsmi mesajlaşma vasitələrindən istifadə edirlər. Onlar Trampın əsas problemlərdən biri olduğu bir dünyada çoxtərəfli həll yolları tapmağa öyrəşiblər. Bu dairələrdə etimad səviyyəsi, bu qrupun işi ilə tanış olan mənbələrə görə, kifayət qədər yüksəkdir.
“Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Finlandiya prezidenti Aleksandr Stubb və İtaliyanın baş naziri Corcia Meloni də daxil olmaqla liderlər bir-biri ilə müntəzəm yazışırlar – çox vaxt eyni qrup çatında”, – məqalədə deyilir.
Bildirilir ki, son bir ildə Trampın potensial təhlükəli addımlar atdığı hallarda onlar operativ məlumat mübadiləsi mexanizmi formalaşdırıblar.
Bu birlik “Vaşinqton qrupu” kimi tanınır. Qrup adını ötən ilin avqustunda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Ağ Evi ziyarət edən Avropa liderlərindən alıb.
“İstəklilər koalisiyası Ukraynadan başladı”, – deyə diplomatların biri bildirib. – “Lakin bu, paytaxtlardakı əsas fiqurlar arasında çox sıx əlaqələr yaratdı. Onlar qarşılıqlı etimadı və birlikdə işləmək bacarığını gücləndirdilər. Bir-birlərini adbaad tanıyırlar və asanlıqla əlaqə saxlaya bilirlər”.
Politico qeyd edir ki, Vaşinqton qrupunun liderləri ilə yazışmalarda Zelenskinin özü də iştirak edir. Bu isə daha bir maraqlı məqam yaradır:
“Ukrayna – şübhəsiz ki, təmsil olunan ölkələr arasında ən çox hərbiləşmiş dövlətdir. Onun nəhəng ordusu, yüksək texnologiyalı pilotsuz uçuş aparatları istehsal sənayesi və hamıdan daha zəngin müharibə təcrübəsi var… Əgər Ukraynanın hərbi gücü Fransa, Almaniya, Polşa və Böyük Britaniyanın gücü ilə birləşdirilsə, istəklilər koalisiyasının potensial silahlı qüvvəsi həm nüvə, həm də qeyri-nüvə dövlətlərini əhatə edən nəhəng bir gücə çevrilə bilər”.
Daha əvvəl Danimarka, Finlandiya, Fransa, Almaniya, Niderland, Norveç, İsveç və Böyük Britaniya birgə bəyanatla ABŞ Prezidenti Donald Trampın rüsum tətbiqi hədələrinin “transatlantik münasibətləri sarsıtdığını” bildiriblər.
Eyni zamanda Aİ ölkələri ABŞ-dan idxal olunan 93 milyard avro dəyərində mallara rüsum tətbiq etmək və ya Amerika şirkətlərinin Avropa bazarına çıxışını məhdudlaşdırmaq imkanını da nəzərdən keçirirlər.
Bizim.Media


































































































