Son günlər İsrail və bir sıra ərəb ölkələri ABŞ prezidenti Donald Trampın administrasiyasına müraciət edərək, hələlik İrana qarşı hərbi zərbələr endirilməməsinə çağırış ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı NBC News mənbələrə istinadla yayıb.
Məlumata görə, həmin ölkələrin nümayəndələri Tramp administrasiyasını inandırmağa çalışırlar ki, İran hələ kifayət qədər zəifləməyib və ABŞ-ın zərbələri hakimiyyətin devrilməsi baxımından həlledici olmayacaq.
Ağ Evin nümayəndələri isə bildiriblər ki, Tramp mümkün bir neçə fəaliyyət variantını nəzərdən keçirir. Çərşənbə axşamı səhər Trampın milli təhlükəsizlik üzrə komandasının İranla bağlı iclası keçirilib, lakin prezident həmin iclasda iştirak etməyib.
Ərəb rəsmilərindən biri bildirib ki, hazırda İranla qonşu ölkələr ABŞ-ın zərbələri məsələsinə “həvəs göstərmirlər”. Digər rəsmi isə narahatlığını ifadə edərək qeyd edib ki, “İsrail və ya ABŞ tərəfindən hər hansı hücum və ya eskalasiya iranlıları birləşdirə bilər”.
O xatırladıb ki, iyun ayında baş verən hücumlardan sonra İranda “bayraq ətrafında birləşmə” effekti müşahidə olunmuşdu.
İsrailli rəsmi şəxslər Tramp administrasiyasına bildiriblər ki, onlar İranda rejim dəyişikliyini və ABŞ-ın bu istiqamətdə səylərini tam dəstəkləyirlər, lakin hazırkı mərhələdə xarici hərbi müdaxilənin etirazçılara başladıqları işi başa çatdırmağa mane olacağından narahatdırlar.
Eyni zamanda qeyd olunur ki, İsrail ABŞ-a İrana qarşı başqa fəaliyyət növləri də təklif edib. Bu addımlar hakimiyyətin daha da zəiflədilməsinə yönəlməli və nəticədə genişmiqyaslı ABŞ zərbələrinin həlledici olmasına zəmin yaratmalıdır.
Söhbət ölkə üzrə iranlılar üçün internet blokadasının aşılmasından, iqtisadi sanksiyaların artırılması və ya sərtləşdirilməsindən, kiberhücumların həyata keçirilməsindən, hətta konkret iranlı liderlərə qarşı məqsədli hərbi addımların atılmasından gedir.
Xatırladaq ki, İranda etirazlar 28 dekabrda milli valyutanın qəfil dəyərdən düşməsindən sonra başlayıb və o vaxtdan etibarən ölkənin azı 46 şəhərini əhatə edib.
Son məlumatlara görə, İranda etirazlar zamanı həlak olanların sayı 2,5–3 min nəfərə çatır.
Yanvarın 8-i axşamdan etibarən internet və mobil rabitə kəsilib ki, bu da etirazlarla bağlı məlumatlara çıxışı ciddi şəkildə məhdudlaşdırır.
Bizim.Media
































































































