Çin dünyanın ən böyük “ana dronu” adlandırılan yeni ağır pilotsuz uçuş aparatı “Czütyan”ın ilk uçuşunu həyata keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg məlumat verib.
Məlumata görə, dron ilk missiyasını Şensi vilayətində yerinə yetirib. “Czütyan” zərbə dronlarından ibarət “sürü” buraxa bilən və müxtəlif növ silahlar daşıyan hava platforması kimi təqdim olunur. Onu artıq pilotsuz “aviadaşıyıcı” ilə müqayisə edirlər.
Aparat 6 tonadək yük daşıya bilir və idarəolunan bombalar, “hava–gəmi” raketləri, habelə kamikadze tipli baraj sursatları üçün səkkiz asqı nöqtəsinə malikdir. Daxili bölmədə isə 100-dən çox mini-dron yerləşdirilə və onlar eyni vaxtda buraxılaraq düşmənin HHM sistemlərini məhv edə bilir.
“Czütyan” ilk dəfə 2024-cü ildə Çjuxay aviaşousunda nümayiş etdirilib. Ekspertlər bildirirlər ki, aparatın böyük ölçüləri onun gizliliyini azalda bilər. Bununla belə, Çin sürətlə PUA texnologiyalarını inkişaf etdirir və bu sistemlər artıq müasir münaqişələrin vacib hissəsinə çevrilib.
Dron dövlətə məxsus müdafiə şirkəti Xi’an Chida Aircraft Parts Manufacturing Co. Ltd. tərəfindən istehsal olunur. Çin Xalq Azadlıq Ordusunun silahlanmasına daxil edilməzdən əvvəl aparat bir sıra sınaqlardan keçməlidir.


Bizim.Media






























































































