Tramp adminstrasiyasının siyasəti ABŞ-ın NATO-dan uzaqlaşması ilə nəticələnib. Xüsusilə də, ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasını açıqlamasından sonra bu yöndə müzakirələr daha geniş vüsət olub.
Xarici analitiklərin fikrincə, həmin strategiya ardıcıl şəkildə həyata keçirilsə, bu, Vaşinqtonun Şimali Atlantika Alyansından çıxmasına və Rusiya ilə yaxınlaşmaya gətirib çıxara bilər.
Bundan əlavə, dekabrın 9-da ABŞ-də respublikaçı konqresmen Tomas Massi ölkənin Şimali Atlantika Alyansından çıxmasını nəzərdə tutan HR 6508 adlı “NATO haqqında Qanun” layihəsini Nümayəndələr Palatasına təqdim edib.
Digər tərəfdən, Trampla Avropa İttifaqı ölkələrinin əksəriyyəti arasında soyuq küləklər əsir. Aİ ilə Ağ Ev arasında xüsusən də Ukrayna və NATO-nun gələcəyi ilə bağlı məsələdə kəskin ziddiyyətlər hökm sürür. Tramp Ukraynadakı müharibəni dayandırmaqda israrlı olsa da, “köhnə qitə” təmsilçiləri toqquşmaların davam etdirilməsi tərəfdarı kimi çıxış edirlər.
Tramp həm də NATO-ya üzv olan ölkələrindən hərbi büdcələrini ümumi daxili məhsulun 5 faizinə çatdırmağı tələb edir. Avropa ölkələri isə istəməsələr də, buna getməyə məhkumdurlar.
Bir sözlə, prosesin gedişi belə düşünməyə əsas verir ki, Tramp adminstrasiyası ABŞ-ın gələcəyini NATO-ya üzvlükdə deyil, əksinə Alyansdan uzaqlaşmaqda görür.
ABŞ-ın NATO-nu tərk edərsə, Alyans dağılacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Vaşinqtonun NATO-nu tərk etməyəcəyi qənaətindədir:
“Ötən həftə Vaşinqton ABŞ-ın yeni strategiyasını açıqlayıb. Burada Prezident Trampın son dövrlər yürütdüyü siyasət əks olunub. Onun xüsusən də Rusiya-Ukrayna müharibəsinə yanaşması tamamilə fərqlidir.
Bu əsasda bir sıra xaric mətbu orqanın gəldiyi nəticəyə görə, yeni təhlükəsizlik strategiyası ardıcıl davam edərsə, Vaşinqton Avropadan uzaqlaşacaq. Amma düşünmürəm ki, ABŞ Avropanı özündən uzaqlaşdıracaq. Ukrayna müharibəsi də göstərdi ki, NATO bütövlükdə Amerika olmadan yetərincə zəifdir.
Bu baxımdan Tramp mövcud durumdan səmərəli istifadə edib, Avropanı daha çox öz təsiri altına salmaq siyasəti yürüdür. Belədə, reallıqda ABŞ-ın NATO-dan çıxması qeyri-mümkündür”.
ABŞ-sız NATO heç nə olacaq.
Deputat hesab edir ki, bütün hallarda NATO ABŞ olmadan real bir gücə sahib olmayacaq və öz əhəmiyyətini itirəcək:
“Real olmasa da təsəvvür edək ki, belə bir tarixi dəyişiklik baş verib. Bu halda aydın məsələdir ki, proseslər alyansın dağılmasına doğru istiqamət götürəcək. Yəni ABŞ-sız NATO-nun bir güc olaraq mövcudluğu mümkünsüzdür.
Çünki alyansa üzv digər ölkələr bu yükü öz üzərlərinə götürməyə qadir deyillər. Həm də bu halda bir sıra üzv ölkələr arasında mövcud fikir ayrılıqları kəskin şəkildə qabaracaq ki, bunun özü də alyansın bir güc olaraq mövqeyini itirməsi anlamına gələcək”.
Rüfət Sultan, Bizim.Media



























































































