2 dekabr gecəsi Çeçenistanın Qudermes şəhərində “Axmat” bölməsinin bazalarından biri hücuma məruz qalıb.
Bizim.Media xəbər verir ki, yerli sosial şəbəkə səhifələri şəhərdə, Xüsusi Təyinatlılar Universitetinin yerləşdiyi ərazidə partlayışlar barədə məlumat yayıb. Həmçinin həmin yaşayış məntəqəsində yerləşən “Axmat” polkunun dislokasiya yerinə zərbə endirildiyi bildirilib.
Telegram kanalı Supernova+ xəbər verir ki, şəhərdə partlayış anlarını əks etdirən çoxsaylı videolar yayılıb. Daha sonra bu kanal foto paylaşıb və Açxoy-Martan rayonu üzrə Rusiya FTX-nin binasının hücuma məruz qaldığını bildirib.
“Kavkazskiy uzel” yazır ki, 2 dekabr gecəsi Çeçenistan, Dağıstan, Kabarda-Balkar Respublikası, Şimali Osetiya və Stavropol diyarında PUA hücumu təhlükəsi elan olunub. Uçuşların təhlükəsizliyi ilə bağlı Vladiqafqaz, Qroznı, Maqas, Mahaçqala və Nalçik hava limanlarının fəaliyyətinə məhdudiyyət qoyulub.
Sonradan Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, Rusiya HHM sistemləri Krasnodar diyarı, Volqoqrad və Rostov vilayətlərində dronları vurub. Həmçinin Çeçenistanda dörd PUA-nın məhv edildiyi bildirilib.
Bizim.Media































































































