Dubay əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl Məktumun keçmiş həyat yoldaşı, vaxtilə Azərbaycanı beynəlxalq yarışlarda təmsil etmiş gimnast Zeynəb Cavadlı həbs oluna biləcəyindən narahatdır, çünki keçmiş əri yerli polisə şikayət edərək onu üç azyaşlı qızını oğurlamaqda ittiham edib.
Bizim.Media xəbər verir ki, 2019-cu ildə boşandıqdan sonra Z.Cavadlı keçmiş əri ilə gərgin qəyyumluq mübarizəsi aparıb.
Son həftələrdə vəziyyət daha da kəskinləşib, çünki uşaqlar gah bir, gah digər valideynində qalmalı olub və hər biri digərini onları oğurlamaqda ittiham edib.
Keçmiş beynəlxalq gimnast Z.Cavadlı son qarşıdurmanı canlı yayımlayandan sonra "e-cinayətlər" – onlayn hüquq pozuntuları – səbəbi ilə də həbs riski ilə üz-üzədir.
O, canlı yayım açarkən, bunun böyük risk olduğunu başa düşdüyünü deyir.
"Bilirdim ki, bu, uşaqlarımla birlikdə olmaq üçün son şansdır, çünki onlar mənə bir daha onları görməyə imkan verməyəcəkdilər. Həqiqətən inanırdım ki, bu, son şansımdır, ona görə sadəcə canlı yayım açıb kömək istədim", – deyə o, britaniyalı vəkili David Haigh-ə göndərdiyi video-mesajda bildirib.
Cavadlı Dubaydakı evindən danışırdı. O iddia edir ki, qızlarını bir neçə həftə atalarının yanında qaldıqdan sonra geri gətirdiyi andan bəri onlar yenidən təcrid olunmuş vəziyyətdədirlər.

O vaxta qədər Cavadlı uşaqların qəyyumluğunu faktiki olaraq əlində saxlayırdı. Onun sözlərinə görə, bu, 2022-ci ildə Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumla razılaşdırılmış bir razılaşma əsasında idi.
BBC-nin xəbərinə görə, həmin razılaşma ona uşaqlar 18 yaşına çatana qədər qəyyumluq, ev və digər dəstəklər təmin edirdi. Uşaqların təhsil xərclərini isə ataları ödəyirdi.
Əvəzində, David Haigh-in sözlərinə görə, o, bir sıra, məsələn, vəziyyəti ilə bağlı mediaya danışmamaq və daha canlı yayımlar etməmək kimi öhdəliklər götürməsi ilə bağlı sənədlər imzalayıb.
Sonrakı məhkəmə qərarı qəyyumluğu Şeyx Səidə verdi, amma Cavadlı deyir ki, ona işdə iştirak edənlər tərəfindən Dubay əmiri ilə bağlanmış razılaşmanın qüvvədə qalacağına dair təminat verilib.
Bu vəziyyət iki ay öncəyə qədər davam edib.
Həmin vaxt – uşaqların Şeyx Səidlə növbəti görüşü zamanı – Cavadlı Dubay polisindən keçmiş ərinin mesajını aldığını deyir:
"Gözləməyə ehtiyac yoxdur, uşaqlar bu gün sizə qaytarılmayacaq".

Zeynəb Cavadlı bir neçə həftə onlardan xəbər almayıb.
Nəhayət, 8 noyabrda uşaq müdafiə mərkəzində üç saatlıq görüş icazəsi alıb və sürücüsü ilə ora yollanıb. Deyir ki, binaya girəndə uşaqlar orada deyildi. Çölə çıxanda onları görüb. Onlar ona tərəf qaçıb.
Onun sözlərinə görə, uşaqlar "Ana, bizi buradan apar!" deyə qışqırırdılar. O, sürücüsünə qapıları bağlamağı və onları evə aparmağı tapşırıb.
Amma iddia edir ki, yolları keçmiş ərinin adamlarına məxsus maşınlarla bağlanıb. Elə o anda canlı yayım açıb kömək istəməyə qərar verib. Bunu edərkən, BƏƏ-də hakimiyyətlə imzaladığı razılaşmanı pozduğunu və həbs riski ilə üzləşdiyini bilirdi, amma bunun yeganə çıxış yolu olduğunu deyir.
O vaxtdan bəri Zeynəb Cavadlı uşaqları ilə evdədir və həbs qorxusundan çölə çıxmağa cəsarət etmir. Üç qız – 9, 7 və 6 yaşlarında – məktəbə getmirlər.
BBC Birləşmiş Ərəb Əmirliyində bu işə aidiyyəti olan bir sıra rəsmilərlə şərh üçün əlaqə saxlayıb, lakin indiyədək cavab almayıb. Bununla belə, Şeyx Səidin mövqeyi məhkəmə ifadələrindən aydın görünür.
Ən son ifadə 8 noyabrda baş verənləri tamamilə fərqli versiyada təqdim edir: o, Cavadlını uşaqları sürücüsünün köməyi ilə zorla maşına mindirib oğurlamaqda ittiham edib. Həmçinin, Cavadlını sosial şəbəkələrdə paylaşdığı videolarda keçmiş ərini "təhqir etməkdə və ona böhtan atmaqda", dövləti nüfuzdan salmaqda və dövlət qanunlarını pozmaqda günahlandırır.
Bundan əvvəl Şeyx Səidin vəkilləri məhkəmədə iddia ediblər ki, Cavadlı uşaqlarını məktəbə göndərməyib, oteldə uşaqları üçün yararsız şəraitdə yaşayıb və ən kiçik qızın sağlamlığını təhlükəyə atıb.
Cavadlı bu ittihamları rədd edib və onun BƏƏ-dəki hüquq komandası məhkəməyə əks sübutlar təqdim edib.
David Haigh bildirir ki, Dubay hakim ailəsinin keçmiş həyat yoldaşları və ya qadın üzvləri ilə bağlı oxşar hallar olub.

O, bir neçə qadının müdafiəsi kampaniyasında iştirak edib. Bu halların heç biri Şeyx Səidlə bağlı deyil.
Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun keçmiş həyat yoldaşı şahzadə Haya 2019-cu ildə həyatından qorxduğunu deyərək BƏƏ-dən qaçıb. Üç il sonra şahzadə Böyük Britaniyanın ali məhkəməsində qəyyumluq mübarizəsini qazanıb və iki uşağın tam qəyyumluğunu əldə edib.
Ən səs-küylü hadisə Dubay əmirinin qızlarından biri, şahzadə Lətifənin 2018-ci ildə azadlıq cəhdi olub. O zaman Lətifə ailəsinin məcburi nəzarətində olduğunu iddia edirdi.
Qaçmağa çalışdığı gəmi Hind okeanında saxlanılıb və o, zorla Dubaya qaytarılıb. Sonradan gizli videolarda əsir saxlandığını iddia edib. O, sonradan qismən ictimaiyyətə çıxıb və yaxşı olduğunu, istədiyi kimi yaşadığını bildirib.
Cavadlı və David Haigh deyirlər ki, Dubay qadın hüquqlarını təşviq edən və qadınları – istər BƏƏ-dən, istər xaricdən – peşəkar və şəxsi həyatda dolğun yaşamağa həvəsləndirən bir ölkə kimi təqdim olunur. Bir çoxları üçün bu, şübhəsiz ki, belədir.
Amma onlar iddia edirlər ki, Cavadlının işi Dubayın parlaq görüntüsünün arxasında bəzi qadınlar üçün vəziyyətin daha mürəkkəb və daha narahatedici ola biləcəyini göstərir. (Yenisabah.az)





























































































