Türkiyə və İraq arasında su sahəsində əməkdaşlıq layihələrinin maliyyələşdirilməsi üçün mexanizm yaradılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Anadolu agentliyi yayıb.
“Su Sahəsində Əməkdaşlığa dair Çərçivə Sazişi” çərçivəsində layihələrin maliyyələşdirilməsi mexanizmi haqqında razılaşma iki ölkə arasında su sahəsində əməkdaşlıqla bağlı çərçivə sazişinin icrasını təmin edəcək.
Sənəd Türkiyənin xarici işlər naziri Hakan Fidan və İraqın xarici işlər naziri Fuad Hüseyn tərəfindən imzalanıb.
Sazişə əsasən İraqın su ehtiyatları infrastrukturunun modernləşdirilməsi çərçivəsində Türkiyə şirkətləri tərəfindən həyata keçiriləcək layihələrin maliyyələşdirilməsi, İraqın neft satışına əsaslanan bir sistem vasitəsilə təmin olunacaq.
Beləliklə, Türkiyə İraqın su infrastrukturunun inkişafına və su ehtiyatlarının daha səmərəli istifadəsinə verdiyi töhfəni artıracaq.
İraq isə mövcud su ehtiyatlarının daha səmərəli istifadəsi üçün infrastrukturunu gücləndirə biləcək.
Türk podratçı şirkətlərinin İraq bazarına çıxışı asanlaşacaq və onlar strateji əhəmiyyətli layihələrdə yeni imkanlar əldə edəcəklər.
Türkiyənin xarici işlər naziri Hakan Fidan, İraqın baş nazir müavini və xarici işlər naziri Fuad Hüseynlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında belə deyib:
“Bu gün atacağımız imzalar, inşallah, İraqdakı su sistemlərinin davamlı şəkildə bərpasının qarşısını açacaq. Bildiyiniz kimi, uzun illərdir Türkiyə və İraq “Suyu daha səmərəli necə istifadə edə bilərik, nə edə bilərik?” sualına cavab axtarırdılar.
Biz iki mərhələli bir yol izləyəcəkdik.
Birincisi, Türkiyə və İraq arasında suyun istifadəsinə dair daha yaxşı bir üsul necə tapıla bilər?
İkincisi isə, İraqdakı su infrastrukturunun və suvarma sistemlərinin bərpası istiqamətində necə birgə çalışıla bilər?
Bu iki istiqamətdə 2,5 il ərzində çox intensiv işlər aparılıb”.
Bizim.Media





























































































