Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qondarma “erməni soyqırımı”na görə şoka düşüb. Bu kiminsə iddiası, yaxud mübaliğə deyil. Zaxarovanın özü bu barədə açıq şəkildə etiraf edib. O “erməni soyqırımı”nı bəzi siyasətçilərlə yenidən müzakirə etməyə başladığını bildirib.
"Tarixdə elə dövrlər olur ki, xalqlar və ölkələr çətinliklərin öhdəsindən gələ bilmədikləri üçün sözün əsl mənasında yoxa çıxırlar. Çünki onlar özləri üçün həqiqətən müqəddəs olan dəyərə xəyanət edirlər.
“Erməni soyqırımı” ilə bağlı tarixə əsaslanan müqəddəs fəlsəfənin bir çox erməni ictimai xadimlərinin və dövlət xadimlərinin təfsirində birdən-birə tərk edilə biləcəyi gerçəyi məni sadəcə şoka saldı. Təsəvvür edə bilərsinizmi?", - deyə Zaxarova mediaya açıqlamasında qeyd edib.
Rusiya XİN təmsilçisi hesab edir ki, bəzi məsələlər həqiqətən toxunulmaz və müqəddəsdir:
“Çünki onlar çox sayda insanın həyatı bahasına başa gəlib".
Ermənistan imtina edir, Zaxarova gündəmə gətirir
Mariya Zaxarovanın bu açıqlaması təəssüf və təəccüb doğurur. Çünki o, sıradan biri deyil, Rusiya XİN-in simasıdır, təmsilçisidir. Zaxarovanın dediyi bir çox hallarda təkcə Rusiya XİN-in yox, həm də Rusiya Federasiyasının mövqeyi kimi qəbul edilir.
Əgər Rusiya hökumətinin Ermənistanla Azərbaycan arasındakı sülh prosesinə yanaşması bu cürdürsə, bu artıq milli münaqişənin qızışdırılması, millətlərarası nifrətin körüklənməsidir.
Bu gün rəsmi Bakı və İrəvan Cənubi Qafqazda davamlı sülhün əldə olunmasına çalışır. Azərbaycan və Ermənistanın siyasi, diplomatik və elmi dairələri sülh quruculuğu üçün yollar axtarır. Tərəflərin silahların yenidən “danışması”na çalışdığı bir vaxtda türkofobiyanın yenidən gündəmə gətirilməsi ancaq təəssüf doğurur.
Revanşizmə yaşıl işıq
Zaxarovanın fikirləri təbii ki, sülh prosesinə zərbə vurmaq potensialını daşıyır. Üstəlik, bu cür məsuliyyətsiz yanaşma Ermənistandakı ultra-millətçi qüvvələri hərəkətə gətirir. Məlumdur ki, Ermənistandakı ultra-millətçi və revanşist qüvvələrin Rusiya ilə ciddi bağlılığı var.
Bu gün Ermınistanda sülh prosesinə əsasən revanşistlər və Eçmiedzin kilsəsi etiraz edir. Halbuki hər iki qüvvə Rusiyanın müəyyən dairələri ilə qaranlıq münasibətləri var. Uzun illərdir ki, bu bədnam qüvvələr hərəkət planını əsasən Moskvadan alırlar.
Nəzərə alaq ki, bu qüvvələrin hədəfi təkcə Ermənistandakı sabitlik və inkişaf deyil, həm də Cənubi Qafqazın təhlükəsizliyidir.
Təsadüfi deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı il dövlət büdcəsi üzrə ilkin müzakirəsi zamanı bildirib ki, artıq 1 il 8 aydır Ermənistan-Azərbaycan sərhədində atışmalar nəticəsində heç bir əsgər həlak olmayıb:
“Belə bir müddət — 1 il 8 ay — bizdə heç vaxt olmamışdı”.
Təbii ki, bu statistika məmnunluq doğurur. Amma görünən odur ki, bəzi qüvvələr, o cümlədən Zaxarovakimilər bu vəziyyətdən ciddi şəkildə narahat olurlar. Onlar maraqlıdırlar ki, yenə silahlı münaqişə qızışsın, insanlar həlak olsun və “bulannıq suda balıq ovlasınlar”.
“Erməni soyqırımı” kimlərin layihəsidir?
Sirr ki, “erməni soyqırımı” layihəsinin müəllifi ermənilərin özləri deyil, qlobal güclərdir. Layihə ötən 100 ildə daha çox Rusiya, Fransa və digər ölkələrin işinə yarayıb. Bu sərsəm ideyanı bayraq edən bəzi xarici qüvvələr həm Ermənistanın daxilində, həm də Cənubi Qafqazda sabitliyi pozub, ultra-millətçi qüvvələrdən siyasi dəyənək kimi istifadə ediblər.
Bundan da ən çox ziyan görən Ermənistan olub. Ermənistan sərsəm iddialar hesabına regionda təcrid olunmuş şəkildə, xarici yardımlardan asılı yaşayıb. Təbii ki, heç bir yadım da əvəzsiz verilməyib. Yardımların qarşılığında Ermənistan regionda pozuculuqla məşğul olub.
Pozuculuq, təxribatçı qüvvələrin hədəfi isə Azərbaycan və azərbaycanlılar olub. 30 ildən artıq Azərbaycan torpaqları Ermənistanın işğalı altında saxlanılıb. Bu biabırçılığa da ATƏT-in Minsk qrupunun həmsədrləri kimi ABŞ, Fransa və Rusiya göz yumub.
Dəyişən reallıqlar
Özünün ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa edən Azərbaycan artıq təşəbbüsləri əlinə alıb. Cənubi Qafqazın əbədi sülh beşiyi və dirçəliş məkanına çevrilməsi üçün Azərbaycan tərəfindən ciddi və qətiyyətli addımlar atılır.
Amma regionda sülhü istəməyən qüvvələr də var. Bu mənada Rusiya XİN-in sözçüsünün son açıqlaması birbaşa bu bədnam məqsədə xidmət edir. Hədəf odur ki, erməni xalqı sülh quruculuğu prosesindən uzaqlaşsın.
Bir məqamı qeyd etmək vacibdir: Zaxarovanın yalançı tarix üzərindən manipulyativ açıqlama verməsindən cəmi iki gün sonra Paşinyan 2026-cı il dövlət büdcəsi üzrə ilkin müzakirələr zamanı bildirib ki, Ermənistan və Azərbaycan arasındakı sülh artıq mövcud reallıqdır:
“Eyni zamanda sülhün bizim üçün yad bir vəziyyət olduğunu da qəbul etməliyik. Yəni Ermənistan sülh şəraitində yaşamağa hələ alışmayıb. Sülh şəraitində yaşamaq, sülhə uyğun düşüncə və davranış tərzini formalaşdırmaq asan məsələ deyil. Bu problemi həll edərkən çox diqqətli olmalıyıq və bu, sülhə qayğı göstərmək baxımından vacib bir komponentdir”.
Uzun illər vasitəçi kimi özünün təqdim edən ölkənin rəsmisi və münaqişə tərəfi olan ölkənin liderinin açıqlamalarındakı fərq göz önündədir.
Bu cür pozitiv yanaşma Zaxarovakimiləri ciddi narahat edir, hətta onları şoka salır.
Olsun...
Amma nəzərə alaq ki, uzun fasilədən sonra iki qonşu dövlət bir yola çıxıb. Bu yolun sonunda isə hər iki tərəfi firavanlıq, sülh və qarşılıqlı etimad gözləyir.
Surxay Atakişiyev, Bizim.Media































































































