İŞİD-çilər kimdir?

İŞİD-çilər kimdir?

Hazırda oxunan: İŞİD-çilər kimdir?

47888
Son günlər Yaxın Şərqdə, xüsusilə də Suriya və Şimali İraqda həyata keçirdiyi işğal və qətliamlarla tanınan İŞİD Mosulda Türkiyə konsulluğuna hücum edərək və bir çox diplomatı girov götürərək yenidən dünyanın gündəminə gəldi. Yaxın Şərqin nüfuzlu mətbu orqanlarından olan “əl-Cəzirə” kanalının əməkdaşı İŞİD barədə apardığı araşdırma ilə bəzi suallara cavab verməyə çalışıb. 
İraq Şam İslam Dövləti (İŞİD) əsasən İraqda və Suriyada fəaliyyət göstərən silahlı qruplaşmadır. Əqidəsi sələfilik olan İŞİD-in məqsədi İraq, Suriya, Fələstin və İordaniyanın daxil olduğu ərazidə şəriət əsaslarına dayanan din dövləti qurmaqdır. Təşkilat və lideri Əbu Bəkr Bağdadi ABŞ, AB və Türkiyənin terror siyahısındadır. 
Təşkilat 2004-cü ildə “Tövhid və Cihad” adıyla Əbu Musa Zərkavi tərəfindən İraqda yaradılıb. Sonradan Üsamə bin Laden rəhbərliyindəki “əl Qaidə” terror şəbəkəsinə qoşulan təşkilat adını da “Mezopotamiyada əl Qaidə” kimi dəyişdirib. 
2006-cı ildə yaydığı video müraciətlə “Mücahidlər Şurası Koneyi” yaratdıqlarını açıqlayan Zərkavi həmin il iyunun 7-də ABŞ hərbi kontingentinin keçirdiyi əməliyyatla İraqda öldürüldü. Onu Əbu Həmzə əl Mühacir əvəzlədi. 2006-cı ilin axırına yaxın “əl Qaidə”yə yaxın olan Ömər əl Bağdadi “İraq İslam Dövləti” qurduqlarını açıqlayaraq öz liderliyini elan etdi. 
2010-cu ilin aprelində ABŞ və İraq hərbçiləri keçirdikləri müştərək əməliyyatla Əbu Ömər əl Bağdadi və Əbu Həmzə əl Mühacirini qətlə yetirdi. Təşkilatın yeni lideri Əbu Bəkr əl Bağdadi oldu. 

2011-ci ilin sonunda Muhamməd Colaninin liderliyi ilə “əl Qaidə”nin Suriya briqadası kimi “Nüsra” cəbhəsi quruldu. 2013-cü il aprelin 9-da yayılan və Əbu Bəkr əl Bağdadiyə aid olduğu iddia edilən səs kassetində “Nüsra” cəbhəsinin İraq İslam Dövlətinin müttəfiqi olduğu bildirilir. Bir müddət sonra isə Əbu Bəkr əl Bağdadi “Nüsra” cəbhəsi ilə “İraq İslam Dövləti”nin “İraq Şam İslam Dövləti” adı altında birləşdiyini elan etdi. 

Bir müddət sonra isə yayılan səs kassetində Əbu Muhamməd Colani “İraq İslam Dövləti”nə müsbət yanaşdığını açıqlasa da iki təşkilatın birləşməsi fikrini təkzib etdi. Colani sadəcə “əl Qaidə” liderlərindən olan Əymən əz Zəvahiriyə bağlı olduğunu bildirdi. 
2013-cü ilin fevralında İŞİD-i tanımadığını elan edən “əl Qaidə” onlardan Suriyanı tərk etmələrini tələb edərək bu ölkədəki nümayəndələrinin “Nüsra” cəbhəsi olduğunu bildirdi. Bundan sonra Nüsra cəbhəsi ilə İŞİD arasında vaxtaşırı silahlı insidentlər baş verdi. Axırıncı dəfə isə İŞİD Suriyada Nüsra cəbhəsinin nəzarətində olan Deyr əz Zur şəhərini işğal edib. 
Hazırda Suriyada Mumbuc, Raqqa və Deyr əz Zur şəhərlərini işğal altında saxlayan İŞİD qüvvələri İraq Ənbar əyalətinin Fəllucə rayonunu, Ramadini və bir neçə gündür də Mosulu nəzarətdə saxlayır. 
İŞİD-in Suriyadakı hərbi heyətinin 6-7 min olduğu güman olunur. Əsgərlərin əksəriyyəti xaricdən gəlmiş muzdlulardır. İraqda isə İŞİD qüvvələrinin sahib olduğu əsgər sayı 10 mindən çoxdur. 
Mövcud Suriya müxalifəti iddia edir ki, ölkədəki inqlabı zərərsizləşdirmək üçün İŞİD rəsmi Dəməşq tərəfindən dəstəklənir. Həmçinin Bəəs rejiminin müxaliflərin olduğu bölgələrə barrel bombası atdığı, İŞİD nəzarətində olan bölgələrdə analoji addımı atmadığı da iddia olunur. 
İŞİD-in Raqqada hasil etdiyi nefti rəsmi Dəməşqə satdığı bildirilir.
Qeyd edək ki, islamçı olduqlarını iddia edən İŞİD şəbəkəsi bölgədə sadəcə müsəlmanlar və müsəlman ölkələr üçün təhlükə mənbəyidir.(ANS PRESS) 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO