Rusiyanın Yakutsk şəhərində 40 yaşlı qadın və onun 11 yaşlı oğlunun qətlində şübhəli bilinən iki 16 yaşlı qız həbs olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Yakutiyanın İstintaq Komitəsi Telegram kanalında məlumat yayıb.
Qeyd olunur ki, hadisədən sonra yeniyetmələr saxlanılıb və 5 oktyabrda barələrində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı “iki nəfərin, o cümlədən azyaşlının, qabaqcadan əlbir olaraq qətlə yetirilməsi” maddəsi ilə ittiham irəli sürülüb.
Məlumata görə, qətl 3 oktyabrda baş verib. Yakutiyada tanınmış kommunist və Ukraynadakı müharibə iştirakçısı Savva Mixaylovun həyat yoldaşı və azyaşlı oğlu öz mənzillərində amansızcasına öldürülüblər. Hadisə yerindən bıçaq və çəkic götürülüb. Şübhəlilər isə ailənin qızı və onun rəfiqəsidir.
İstintaqçılar qızları bu dəhşətli cinayətə sövq edən motivləri araşdırırlar. Məlum olub ki, Mixaylovların qızı atasının ölümünü çox ağır keçirib və psixoloqun müşahidəsində olub.
Xatırladaq ki, Savva Mixaylov Ukrayna müharibəsinin veteranı idi. O, 2023-cü ildə hospitalda vəfat edib. Mixaylov karyerasına Vilyuysk rayonunda gənclər siyasəti şöbəsinin müdiri kimi başlayıb, daha sonra Yakutiya Dövlət Məşğulluq Komitəsi sədrinin müavini vəzifəsinə qədər yüksəlib. 2022-ci ildə isə könüllü olaraq cəbhəyə yollanmışdı.
Bizim.Media