Ukrayna Təhlükəsizlik Xidməti (UTX) tərəfindən həyata keçirilən genişmiqyaslı "Hörümçək toru" əməliyyatının başlanğıc anlarına dair eksklüziv video kadrlar ortaya çıxıb.
Bizim.Media xəbər verir ki, kadrlarda modul tipli, mobil dron idarəetmə mərkəzləri yerləşdirilən yük avtomobilinin xüsusi tapşırıq üçün ərazidən çıxması əks olunur. Bu mobil mərkəzlər FPV və kamikadze dronlarını uzaqdan idarə etmək üçün istifadə olunub.
Əməliyyat çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) Rusiya ərazisinin dərinliklərində yerləşən aerodromlara eyni vaxtda koordinasiyalı hücumlar həyata keçiriblər. Hücumlar əsasən Bryansk, Kursk, Tula, Murmansk, İrkutsk və Saratov vilayətlərindəki hərbi hava bazalarına yönəlib.
İlkin məlumatlara görə, Saratov yaxınlığındakı Engels hərbi bazasında yerləşən ən azı 4 strateji Tu-95 bombardmançı təyyarəsi məhv edilib və ya ciddi şəkildə zədələnib. Həmçinin Kurskda yerləşən hava hücumuna qarşı müdafiə sistemləri deaktiv edilib və aerodromun infrastrukturuna böyük ziyan dəyib.
Əməliyyat zamanı istifadə edilən sistemlər arasında aşağıdakı PUA növləri yer alıb:
FPV-dronları (birbaşa vizual idarəetmə ilə)
Dron-kamikadzelər
“Şahed” tipli zərbə dronlarının Ukrayna analoqları
Dəniz dronları (həmçinin kəşfiyyat və hücum funksiyalı)
Taktiki kəşfiyyat dronları, hətta binaların içərisində işləyə bilən modellər.
Ekspertlər qeyd edirlər ki, bu əməliyyat yalnız bir zərbə deyil, həm də Ukraynanın yeni tipli müharibə aparma strategiyasının təqdimatıdır. Dronların bir-biri ilə real vaxtda koordinasiyası, rəqəmsal komanda strukturları və avtonom qərarvermə imkanları ilə həyata keçirilən bu əməliyyat ən müasir PUA taktikalarının sintezi hesab olunur.
Yeri gəlmişkən, "Hörümçək toru" əməliyyatı Rusiya hərbi infrastrukturu üçün ağır strateji zərbə olub. Onlarla təyyarə sıradan çıxarılıb, hava hücumundan müdafiə sistemləri iflic vəziyyətə salınıb, aerodromlar uzun müddət fəaliyyət göstərmək imkanından məhrum edilib. UTX-nin və Ukrayna Müdafiə Qüvvələrinin bu cür yüksək texnologiyalı və koordinasiyalı hücumları, ənənəvi döyüş taktikalarının dəyişməkdə olduğunu bir daha sübut edir.
Ukrayna tərəfi bildirir ki, bu əməliyyat yalnız başlanğıcdır və "Hörümçək toru"nun növbəti mərhələləri artıq planlaşdırılır.
Bizim.Media