"Kiyev “Hörümçək toru” əməliyyatını ABŞ kəşfiyyatının məlumatları olmadan həyata keçirə bilməzdi. Bu, Rusiya prezidenti Vladimir Putinə ABŞ prezidenti Donald Tramp tərəfindən endirilmiş zərbədir".
Bizim.Media xəbər verir ki, bu barədə fransalı hərbi ekspertlər “Le Monde” nəşrinə məlumat veriblər.
Fransız ordusunun yüksək rütbəli keçmiş zabiti Giyom Anselin sözlərinə görə, Kiyev dronların məsafədən idarə olunduğunu iddia edir: “Bu, yalnız güclü peyk rabitə sistemi ilə mümkündür. Ukraynalılar bu texnoloji imkanlara sahib deyillər, ona görə də əgər məsafədən idarə həyata keçirilibsə, bu, şübhəsiz ki, ABŞ-ın dəstəyi ilə olub”.
Bununla belə, ehtiyatda olan zabit və beynəlxalq risklər üzrə məsləhətçi Stefan Odran bildirir ki, “Hörümçək toru” əməliyyatı hər nə qədər səs-küylü olsa da, münaqişənin gedişatını və qüvvələr balansını dəyişməyəcək.
Əməliyyatın əsas nəticəsi Rusiyanın “həssaslığını” göstərməsidir. Onun sözlərinə görə, ukraynalılar sübut etdilər ki, Rusiyanın nüvə silahları o qədər də etibarlı şəkildə qorunmur.
“Bu, Rusiya üçün alçaldıcıdır, çünki bu hava qüvvələri ölkənin müdafiə sisteminin tacındakı daşlardır”, — deyə ekspert əlavə edib.
“The New York Times”ın ABŞ kəşfiyyat məlumatları ilə tanış olan rəsmi mənbələrinə istinadla verdiyi məlumata görə, Ukraynanın bazar günü strateji bombardmançı bazalarına endirdiyi zərbə nəticəsində Rusiya “əhəmiyyətli” itkilərə məruz qalıb.
NYT-nin mənbələrinin bildirdiyinə görə, ümumilikdə Moskva təxminən 20 strateji aviasiya təyyarəsini itirib. İtkilər arasında ən azı 6 ədəd Tu-95 uzaqmənzilli bombardmançısı, 4-dən çox Tu-22M və hər biri 300 milyon dollar dəyərində olan A-50 radar təyyarələri var.
NYT-nin yazdığına görə, Tramp administrasiyası əməliyyatdan əvvəl Ukraynadan heç bir xəbərdarlıq almayıb. Əməliyyat, İstanbulda keçiriləcək ikitərəfli danışıqların ikinci raundundan bir gün əvvəl baş tutub. Mənbə qeyd edir ki, bu hücumun nəticələrini qiymətləndirmək hələ tezdir, çünki Rusiya bəzi zədələnmiş təyyarələri bərpa edə bilər.
Eyni zamanda, mənbə etiraf edir ki, təyyarə itkiləri Kremlin Ukraynaya zərbələr endirmək imkanlarını azaltmayacaq. ABŞ rəsmilərinin fikrincə, Rusiya bu hücuma cavab olaraq mülki və ya enerji infrastrukturuna qarşı zərbələri bərpa edə bilər. Bununla belə, ABŞ kəşfiyyatı hələlik Rusiyanın cavab tədbirlərinin konkret hədəflərini müəyyən etməyib.
Ukrayna Baş Qərargahı çərşənbə axşamı bəyan edib ki, “Hörümçək toru” əməliyyatı nəticəsində Rusiya 12 təyyarə itirib. Bu, Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əvvəlki — 40-dan çox təyyarənin vurulduğu iddiasından üç dəfədən çox azdır. Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, bu hücum nəticəsində Kreml strateji uzaqmənzilli aviasiyasının 30%-dən çoxunu itirib. UTX bu əməliyyatı bir ildən çoxdur planlaşdırırdı.
Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2024-cü ilə dair məlumatına görə, Rusiya nüvə triadasına 10 min km və daha çox uçuş məsafəsinə malik 55 ədəd Tu-95 və Tu-160 bombardmançısı daxildir. Tu-95-lər 200 kiloton gücündə 16, Tu-160-lar isə 12 nüvə başlığı daşıya bilir.
Bundan əlavə, Rusiyanın arsenalında 6500 km-ə qədər məsafəyə uçuş qabiliyyətinə malik 60 ədəd Tu-22M3 təyyarəsi var.
Bizim.Media