“Rusiya tərəfi razılaşdırıldığı kimi, böhranın əsas səbəblərini etibarlı şəkildə aradan qaldırmağın bütün aspektləri üzrə mövqeyimizi əks etdirən müvafiq memorandum hazırladı. Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyətimiz gələn həftənin bazar ertəsi, iyunun 2-də İstanbulda davam etdiriləcək birbaşa danışıqların ikinci raundu zamanı bu memorandumu Ukrayna nümayəndə heyətinə təqdim etməyə və lazımi izahatları verməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidenti Sergey Lavrov məlumat verib.
“Məlum olduğu kimi, ABŞ, Səudiyyə Ərəbistanı və Türkiyənin dəstəyi ilə birbaşa Rusiya-Ukrayna danışıqlarının bərpasına şərait yaratmaq mümkün olub. Danışıqların ilk mərhələsi bu il mayın 16-da İstanbulda baş tutub. Orada əldə olunmuş razılaşmalara uyğun olaraq “1000 nəfərə 1000” formatında əsir mübadiləsi həyata keçirilib.
Eyni zamanda İstanbulda razılaşdırılıb ki, Moskva və Kiyev dayanıqlı nizamlanmaya nail olmaq üçün hər bir tərəfin mövqeyini əks etdirən sənədlər hazırlayacaq.
Ümid edirik ki, sülh prosesinin uğurunda təkcə sözdə deyil, səmimi olaraq maraqlı olanların hamısı birbaşa Rusiya-Ukrayna danışıqlarının yeni raundunun İstanbulda keçirilməsini dəstəkləyəcəklər”, - Lavrov deyib.
Lavrov həmçinin Türkiyə tərəfinə də dəstəyə görə təşəkkür edib:
“Türkiyənin xarici işlər naziri H.Fidanın da ötən gün Moskvaya səfəri zamanı təsdiqlədiyi kimi, qonaqpərvər türk platforması təqdim etdiklərinə görə türk tərəfdaşlarımıza bir daha təşəkkürümü bildirmək istəyirəm”.
Bizim.Media