“Qərb və Rusiya arasında özünü “böyük güc” hesab edən İrəvan əslində iki ölkə arasında kukladan başqa bir şey deyil”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında amerikalı analitik, təhlükəsizlik eksperti İrina Tsukerman deyib.
“Revanşistlər hakimiyyətə gələ bilər”
Ermənistanın hazırki qeyri-müəyyən siyasi gedişlərindən danışan ekspert bildirib ki, mühüm bir blokun üzvü olmamaq iqtisadi tənəzzül, siyasi təcrid və nəticədə daxili iğtişaşlara yol açır:
“Rusiya Ermənistana olan tam marağını itirməyib və hökuməti sabotaj əməliyyatları ilə hədəf alacaq. Lakin Rusiyadan ayrılmaq üçün Qərbdən güclü iqtisadi stimula sahib olmasa, Ermənistan daha az ehtiyac duyulan kukla kimi ortada ilişib qala bilər.
ABŞ-dakı erməni lobbi qrupları, separatçı liderlərə və mühakimə olunan funksionerlərə ictimai dəstək göstərməsi üçün konservativ xristian təşkilatlarını təzyiq etməyə çalışır. Bəzi təşkilatlar isə Paşinyan hökumətinə qarşı göstərilən laqeydliyə görə açıq şəkildə düşmən mövqe sərgiləyirlər.
Bu məsələ Tramp administrasiyası üçün prioritet olmasa da, əgər bu separatçılar və “Böyük Ermənistan” ideyasını müdafiə edən xristian fəallarından ibarət müəyyən bir kritik kütlə yaranarsa, bu növ fəallıq Ermənistanın daxili sabitliyini poza bilər. Nəticədə isə sözügedən vəziyyət revanşist bir qrupun hakimiyyətə gəlməsinə səbəb ola bilər”.
İrina Tsukerman əlavə edib ki, İrəvan üçün ən ideal variant rəsmi Bakı ilə sülh razılaşmasıdır:
“Əks halda, Ermənistan üçün yox olma təhlükəsi daha böyükdür. Digər tərəfdən, sabotaj halları və danışıqları pozmağa cəhdlər gözlənilir. Buna görə də, sülh müqaviləsi nə qədər tez bağlanarsa, bir o qədər yaxşıdır.
Regional inteqrasiya prosesinə qoşulmaq Ermənistan üçün həm vətəndaşlarına təklif edəcəyi iqtisadi stimulu, həm də “Böyük Ermənistan” fikrindən diqqəti yayındıracaq bir çıxış yolunu və müxtəlif xarici qüvvələrin siyasi proseslərini alt-üst etməyə yönəlmiş təzyiqlərinə qarşı dayana bilmək üçün siyasi legitimliyi təmin edəcək. Ermənistan hökuməti Azərbaycanla birgə ekstremist erməni lobbi qruplarının xristian təşkilatlarına təklif etdiyi saxta təbliğata qarşı birləşmiş mövqe sərgiləməlidir”, - deyə İ.Tsukerman əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media