Noyabrın 11-dən qondarma Abxaziyada müxalifətin başladığı etiraz aksiyası artıq kuliminasiya nöqtəsinə çatmaqdadır.
Xatırladaq ki, Rusiya biznes dairələrinin maraqlarına xidmət edən “investisiya haqqında” qanun layihəsi abxaz müxalifətinin kəskin etirazına səbəb olub. Müxalifət qondarma Abxaziya “təhlükəsizlik xidməti”nin Suxumidə yerləşən qərargahını mühasirəyə alıb. Hazırda şəhərdəki bütün hökumət binaları etirazçıların əlindədir.
MÖVZU İLƏ BAĞLI:
Rusiya-Abxaziya sərhədində silahlı qarşıdurma - ÖLƏN VAR
Qondarma rejimin “prezidenti” Aslan Bjaniya isə baş verən kütləvi etiraz aksiyalarından sonra Suxumidən qaçıb və doğulduğu kəndə-Tamışa sığınıb. O, müxalifətin zəbt etdiyi hökumət binasını azad etdikdən sonra istefa ərizəsi yazmağa hazır olduğunu bildirsə də, son məlumata görə artıq istefa verməyə məcbur olub.
Görəsən, ümumiyyətlə Abxaziyada nə baş verir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirir ki, Abxaziyada cərəyan edən proseslər Rusiya hakimiyyətinin bu qondarma rejimə münasibətinə bağlı məsələdir:
“İkincisi, burada cərəyan edən proseslər böyük ölçüdə Gürcüstanla əlaqədardır. Gürcüstandakı seçkilərdən sonrakı mərhələdə müəyyən ümidlər oldu. Keçirilən seçkilər nəticəsində Gürcüstanda mövcud hakimiyyətin qalması Azərbaycan metodunu burada da tətbiq etməyin mümkünlüyü düşüncəsini inkişaf etdirilməsinə imkan verdi. Söhbət Rusiya ilə dil tapmaq metodologiyasından gedir.
Qarşıdurmaya getməyə ehtiyac yoxdur. Gürcüstanın indiki hakimiyyəti bunu zatən vəd etmişdi. Belə başa düşürəm ki, Abxaziya və Cənubi Osetiya məsələsinin Gürcüstanın xeyrinə həll olunması ehtimalı reallaşmaq ərəfəsindədir”.
Rüfət Sultan, Bizim.Media