ABŞ-da 2 gün sonra keçiriləcək prezident seçkiləri dünya gündəmini zəbt edən əsas mövzudur. Çünki bu seçkinin nəticəsi təkcə amerikalılar üçün deyil, bütün dünya ölkələri üçün maraq kəsb edir.
Amma seçki ərəfəsində aparılan kampaniyada bir sıra vacib məqalmlar ortaya çıxdı. Xüsusilə də əcnəbilərə qarşı münasibətdə həm Donald Tramp, həm də Kamala Harris çox aqressivdir. Qərb politoloqları qeyd ediblər ki, respublikaçıların aparıcı siyasətçiləri və sosial şəbəkələrə kifayət qədər nəzarət olunmaması immiqrantlara qarşı ritorika və nifrətin yayılmasına kömək edir.
Nəzərə alaq ki, ABŞ-da əvvəlki prezident seçkilərində immiqrasiyaya dəstək rekord həddə çatmışdı. 2024-cü ildə isə vəziyyət kəskin şəkildə dəyişdi. Respublikaçı namizəd Donald Trampın anti-immiqrant bəyanatlarla dolu seçki kampaniyası azlıqlara nifrətin artması fonunda cərəyan edir.
Nifrət səviyyəsi 50 faiz artıb
Mütəxəssislər Kamala Harrisin Demokratların namizədi olduqdan sonra nifrət nitqinin səviyyəsinin artmaqda davam etdiyinə diqqətə çəkirlər. Amerikalı politoloq Yonatan Lupu qeyd edir ki, seçkilər zamanı anti-immiqrant ritorika heç vaxt bu qədər aqressiv olmayıb.
Lupunun sözlərinə görə, 2020-ci ilin əvvəlindən indiyə kimi nifrət səviyyəsi təxminən 50 faiz artıb. Mühacirlər ölkənin müxtəlif şəhərlərində təqiblər və saxta ittihamlar barədə məlumat verirlər. Respublikaçı siyasətçilər ekstremist ritorikanı artırırlar. Bu da davam edən Fələstin-İsrail münaqişəsi fonunda islamafobiya və antisemitizmin artmasına səbəb olur.
Nifrət və Ekstremizmə Qarşı Qlobal Layihənin həmtəsisçisi Heidi Beiriçsə bildirib ki, nifrət dolu ritorika ekstremist forumlardan kənara çıxır:
“Kamala Harris kimi hind əsilli amerikalı qadınların artması ilə siyasətdə Cənubi Asiyalılara qarşı nifrət artıb”.
Nəzərə alaq ki, 2024-cü ilin yanvar-avqust aylarında Cənubi Asiyadan olan immiqrantlara qarşı onlayn nifrət hadisələrinin sayı iki dəfə artaraq 46.000-dən çox olub. Həddindən artıq sağçı fəal Laura Loomer deyib ki, Harris prezident olacağı təqdirdə Ağ Ev "mühacirlərlə iylənəcək".
Miqrantlar ABŞ- işğal edir?
Qeyd olunur ki, bir vaxtlar tabu olan ifadələrin yüksək siyasi səviyyədə işlədilməsi ritorikanın dəyişməsinə səbəb olub. İndi politoloqların fikrincə, bu cür bəyanatlar respublikaçıların immiqrasiya məsələlərinə dair çıxışlarının əsasına çevrilib.
Bu gün ABŞ-da miqrant axınını daha çox “miqrant işğalı” ifadəsi əvəzləyirlər. Ksenofobiya son dörd il ərzində pandemiya və cənub sərhədində miqrantların artması fonunda xüsusilə aktual problemə çevrilib.
Asiya Amerikası Fondunun son hesabatına görə, Sietldə hər beş Asiya əsilli amerikalıdan təxminən ikisi son bir ildə anti-Asiya nifrətini yaşayıb və bəziləri hücumlardan qaçmaq üçün ictimai yerlərdə öz ana dilindən istifadə etməyi dayandırıb.
Məsələdə İlon Mask “barmağı”
Bu, İlon Mask tərəfindən idarə olunan “X” platformasının siyasəti ilə əlaqələndirilir. Bu platforma digər məsələlərlə yanaşı, əvvəllər dezinformasiya yaymaq və ya zorakılığa təşviq etmək üçün qadağan edilmiş bir çox istifadəçinin girişini bərpa etdi.
Vətəndaş və İnsan Haqları üzrə Liderlik Konfransı prezidenti Maya Viley qeyd edib ki, son illərdə artan onlayn ritorika nifrət cinayətlərinin artmasında əsas amil olub. FTB-nin məlumatına görə, hətta məktəblərdə və kolleclərdə bildirilən nifrət cinayətlərinin sayı 2018-ci ildən 2022-ci ilə qədər təxminən iki dəfə artıb.
Əksər amerikalılar hələ də immiqrasiyanın ölkə üçün yaxşı olduğuna inansalar da, sorğuda iştirak edənlərin yarıdan çoxu indi yeni immiqrant axınını məhdudlaşdırmaq istəyir. Sorğuya görə, amerikalıların təxminən yarısı qeyri-qanuni mühacirlərin kütləvi deportasiyasını dəstəklədiyini bildirib. Hətta bəzi Demokrat bələdiyyə başçıları və qubernatorlar immiqrasiyanın öz şəhərlərinə təsirindən açıq şəkildə şikayət etdilər və immiqrasiya qanunlarının daha sərt şəkildə tətbiq edilməsinə çağırırlar.
Göründüyü kimi, ABŞ noyabrın 5-ə daha çox nifrət əhval-ruhiyyəsi ilə gedir. Bu isə sivilizasiyaya yaxşı heç nə vəd eləmir.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
20:00 / 03.11.2024
ABŞ siyasətində NİFRƏT RİTORİKASI – Miqrantlara qarşı təhlükə getdikcə ARTIR
Hazırda oxunan: ABŞ siyasətində NİFRƏT RİTORİKASI – Miqrantlara qarşı təhlükə getdikcə ARTIR
Hazırda oxunan: ABŞ siyasətində NİFRƏT RİTORİKASI – Miqrantlara qarşı təhlükə getdikcə ARTIR
218930
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.