Rusiyadan YAŞIL İŞIQ – Abxaziya və Cənubi Osetiya problemi gələn il HƏLL OLUNACAQ?

Rusiyadan YAŞIL İŞIQ – Abxaziya və Cənubi Osetiya problemi gələn il HƏLL OLUNACAQ?

Hazırda oxunan: Rusiyadan YAŞIL İŞIQ – Abxaziya və Cənubi Osetiya problemi gələn il HƏLL OLUNACAQ?

215427

Gürcüstan və Rusiya münasibətlərində müsbət irəliləyiş hiss olunur. Belə ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib ki, Rusiya Federasiyası ilə münaqişənin həlli Gürcüstanın ən mühüm prioritetlərindən biridir:

“Praqmatik siyasət və Rusiya ilə münaqişənin sülh yolu ilə həlli ən mühüm prioritetlərdən biri sayılır”.

Ümumiyyətlə, Gürcüstanda seçkilər yaxınlaşdıqca hakim “Gürcü arzusu” partiyası Abxaziya və Cənubi Osetiyanın geri qaytarılacağı məsələsini daha tez-tez qabartmağa başlayıb. Hətta “Gürcü arzusu” partiyası ölkəni ərazi bütövlüyünün bərpasına imkan verəcək konstitusiya modelinə keçməyə hazır olduğunu da bəyan edib.

Son zamanlar bu məsələdə Rusiya tərəfindən də müsbət mesajlar eşidilir. Rusiya XİN rəhbəri Sergey Lavrov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilən mətbuat konfransında bildirib ki, Moskva Gürcüstan, Abxaziya və Cənubi Osetiya arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır, lakin bu istiqamətdə dövlətlərin özlərinin təşəbbüs göstərməsi vacibdir. O həmçinin əlavə edib ki, bu gün Tbilisi keçmişdə baş verənləri vicdanla qiymətləndirir:

“Əgər bütün tərəflər bu münasibətlərin normallaşdırılmasında, ərazilərə təcavüz etməmək barədə sazişlərin təmin edilməsində maraqlı olarsa, biz kömək etməyə hazır olacağıq”.

Bir sözlə, artıq həm Moskva, həm də Tiflis rəsmiləri tərəfindən bir-birinə münasibətdə müsbət mesajlar səslənir. Bu isə Cənubi Osetiya və Abxaziya probleminin həllinə müsbət töhfə verə bilər.

Mövcud vəziyyətdə Abxaziya və Cənubi Osetiya problemi necə həll oluna bilər?

Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, yaxın zamanlarda Rusiya bu istiqamətdə Tiflisin arzuladığı addımları atmağa başlaya bilər:

MÖVZU İLƏ BAĞLI:

Rusiyadan gözlənilməz HƏMLƏ – Abxaziya Gürcüstana QAYTARILIR?


“Saakaşvilinin prezidentlik dövründən başlayaraq, Gürcüstan Qərbə yaxınlaşmaq yolunu tutdu. Bu istiqamətdə ciddi uğurlar da qazanıldı. Tiflis Avropa Birliyinə üzvlüyə namizəd oldu. NATO-nun 2008-ci ildəki Buxarest sammitində Gürcüstan və Ukraynanın quruma üzv olacağı bəyanatı verildi. Bütün fəlakətlər də bundan sonra başladı.

Çünki NATO-ya üzvlük üçün hərəkət planının veriləcəyi gözlənilirdi. Nəticədə 2008-ci ildə Gürcüstanın Abxaziya və Cənubi Osetiya əraziləri işğal olundu. Ondan sonra 16 il ərzində aparılan danışıqların heç bir nəticəsi olmadı. Bu durumda rəsmi Tiflis anladı ki, ərazi bütövlüyünü təmin etmək istəyirsə, Rusiyaya yaxınlaşmaq məcburiyyətindədir. Bu istiqamətdə yalnız Rusiya Gürcüstana kömək edə bilər. Belə olan halda Gürcüstan hökuməti tədricən Qərbdən uzaqlaşıb, Rusiyaya yaxınlaşmaq yolunu tutdu”.

Ekspert qeyd edir ki, artıq Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılması istiqamətində müəyyən irəliləyişlər hiss olunmaqdadır:

“İvanişvili müharibəyə başladıqlarına görə, Abxaziya və Cənubi Osetiya xalqından üzr istəməyə hazır olduğunu deyib. Moskva da bu istiqamətdə müəyyən addımlar atıb. Lakin hələlik, Gürcüstanın istədiyi addım atılmayıb. Ancaq güman ki, müəyyən razılaşmalar var. Yoxsa, Gürcüstan hökuməti belə riskə getməzdi. Ola bilsin, yaxın zamanlarda Rusiya bu istiqamətdə Tiflisin arzuladığı addımları atacaq və heç olmasa, 2025-ci ildə Gürcüstanın ərazi bütövlüyü təmin olunacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO