Son günlərdə Azərbaycan ordusu tərəfindən yayımlanan və Ermənistan silahlı birləşmələrinin qoyub qaçdığı silahlar içərisində xüsusi snayper tüfənglərinin yer alması diqqət çəkir.
Əldə edilmiş qənimətlərlə bağlı videoda Rusiya istehsalı olan T-5000 snayper tüfəngi xüsusilə nəzərə çarpır.
2008-ci ildə Gürcüstan müharibəsindən sonra Rus ordusunun modernizasiyası proqramı elan edilmişdi. Proqram çərçivəsində müharibədə rast gəlinən problemlərin aradan qaldırılması üçün Rus ordusundakı snayper silahları və bölmələri ilə bağlı ciddi reform işlərinə start verilmişdi.
Proqramla əlaqədar olaraq ən yeni texniki göstəricilərə malik T-5000 snayper tüfəngi silahlanmaya daxil olunmuşdu. 1,500 m atış mənzilinə sahib T-5000 snayper tüfəngi Rusiyanın “Orsis” firması tərəfindən istehsal edilir.
T-5000 hazırda Rusiyanın xüsusi təyinatlı qüvvələri tərəfindən aktiv şəkildə istifadə edilən snayper tüfəngidir.
“Orsis” şirkəti Rusiya müdafiə və silah sənayesinin önəmli şəxslərindən biri olan baş nazirin keçmiş köməkçisi Dmitri Roqozinlə əlaqəlidir. Roqozin 2008-ci ildən etibarən Rusiya ordusunun modernizasiyası proqramına rəhbərlik edib. Həmin dövrdə Orsis şirkətinin rəhbərliyində isə Dmitri Roqozinin oğlu yer alırdı. Roqozin hazırda Rusiya Kosmik agentliyi - Roskosmosun direktorudur.
“Orsis” şirkəti 2019-cu ildə Ermənistana satılan silahlarda problem yaşandığı üçün Yerevan tərəfindən qara siyahıya salınmış və silah alışı tenderindən uzaqlaşdırılmışdı.
Şirkət Ermənistan ordusuna ovçuluq üçün nəzərdə tutulan silahlar satmaqda ittiham olunurdu.
Lakin Rusiyanın təzyiqləri nəticəsində Ermənistan məhkəməsi verilən qərarı ləğv etmişdi. Ermənistan mediasında isə “Orsis”in Ermənistan müdafiə sənayesinin ciddi fiqurları ilə əməkdaşlığının olması haqqında məlumat verilmişdi.
Bu məlumatlara əsasən Müdafiə Nazirinin müavini Makar Qambaryanın silah alışı ilə bağlı tenderdə qalib gəlmək üçün “Orsis” şirkətindən rüşvət alması ilə bağlı ittiham olunaraq məhkəməyə çıxarıldığı qeyd olunurdu.
T-5000 snayper tüfənginin döyüş bölgəsində görüntülənməsi 2019-cu ildəki qara siyahıya alınan “Orsis” şirkəti ilə Ermənistan arasında əlaqələrin bərpa edildiyini və silah satışının gerçəkləşdiyini göstərir.
2019-cu ilin dekabrında Rusiya ixracat və idxalat agentliyi olan Rosoboronexport xarici bir ölkə ilə 1,5 milyon dollar həcmində T-5000 snayper tüfənginin satışı ilə bağlı müqavilə imzalandığını qeyd etmişdi.
Bu günlərdə işğaldan azad olunan ərazilərdə qənimət olaraq ələ keçirilən T-5000 snayper tüfəngi bu “xarici ölkənin” Ermənistan olduğunu təsdiq edir.
Digər tərəfdən isə 2020-ci ildə Rusiya ilə Ermənistan arasındakı hərbi təlimlərin iki əsas istiqaməti diqqət çəkir. Bunlardan ilki pilotsuz uçuş aparatlarına qarşı mübarizə, digəri isə sinayper qruplarının yenidən qurulması idi.
Hazırda Qarabağ cəbhəsində Ermənistan snayper qruplarının fəallığı nəzərə çarpır.
Rəvan Əliyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
22:43 / 04.11.2020
Roqozinin silahları yenidən Qarabağda peyda olub - Fakt
Hazırda oxunan: Roqozinin silahları yenidən Qarabağda peyda olub - Fakt
Hazırda oxunan: Roqozinin silahları yenidən Qarabağda peyda olub - Fakt
2007
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.