Baydenin “erməni soyqırımı”deməsində Putin FAKTORU - “NBC News” YAZDI

Baydenin “erməni soyqırımı”deməsində Putin FAKTORU - “NBC News” YAZDI

Hazırda oxunan: Baydenin “erməni soyqırımı”deməsində Putin FAKTORU - “NBC News” YAZDI

19134

ABŞ-ın “NBC News” kanalının internet səhifəsində ABŞ-Türkiyə münasibətlərindəki problemlər, Baydenin “erməni soyqırımı”nı tanımasının səbəbləri haqda məqalə dərc olunub. Məqalənin müəllifi Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun böyük elmi işçisi Soner Çaqaptaydır.

Bizim.Media-nın məlumatına görə, məqalədə qeyd olunur ki, Cozef Bayden ABŞ prezidenti vəzifəsinin icrasına başlayandan yalnız üç ay sonra Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğana zəng edib:

“Bu, bir vaxt ABŞ-ın Yaxın Şərq, Cənub-Şərqi Avropa və Şərqi Aralıq dənizində ən yaxın strateji müttəfiqlərindən olan Türkiyənin statusunun zəifləməsinə işarədir”.

Müəllif əlavə edir ki, Ankara üçün Baydenin üç ay sonra zəng etməsindən də pis məqam onun həmin zəng zamanı 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin öldürülməsini “soyqırımı” kimi tanıyacağını deməsi olub:

“Bəs Baydenin Ərdoğana belə təkəbbürlü münasibətinin səbəbi nədir? Niyə Bayden Ağ evdəki sələflərinin heç birinin atmadığı addımı atdı? Bayden əlbəttə ki, bunu qəzəbindən eləmir. O, sadəcə anlayır ki, uzun illərdən bəri ilk dəfədir Ərdoğan ABŞ-a daha çox ehtiyac duyur. Bayden isə bundan Ərdoğana təsir vasitəsi kimi yararlanır, bununla onun bəzi davranışlarını, o cümlədən demokratiya əleyhinə fəaliyyətini və Rusiya prezidenti Vladimir Putinlə sıx əlaqələrini dəyişdirə biləcəyini düşünür”.

“İndi problem onda deyil ki, Bayden Ərdoğana qəzəblidir, problem ondadır ki, bütün ABŞ hökuməti Ərdoğana qəzəblidir” yazan Soner Çaqaptay bildirir ki, Ağ ev administrasiyasının içində və çölündə olanların əksəri Ərdoğana ABŞ-ın regional maraqlarına təhlükə doğuran bir avtokrat kimi baxır:

“Bir vaxt Türkiyə müsəlman ölkələri arasında demokratiya mayakı idi. Ərdoğanın ədalətli seçkiləri, söz azadlığını və müstəqil məhkəmə sistemini boğması Türkiyəni amerikalıların gözündən saldı. Bir vaxt Türkiyə strateji baxımdan Qərbə çox bağlıydı, bu onu NATO-nun Şərqdə ən mühüm müttəfiqinə çevirmişdi. Ancaq Ərdoğanın hakimiyyəti dövründə Türkiyə NATO ilə tez-tez didişməyə, hətta bəzən onun işinə mane olmağa başladı”.

ABŞ-Türkiyə münasibətlərini 20 ildir izlədiyini vurğulayan Soner Çaqaptay yazır ki, əvvəllər qayda belə idi: ABŞ-da prezident seçkisində ermənilərə “soyqırımı” tanıyacağını vəd edən namizəd qalib gələn kimi ölkənin müvafiq qurumları onu əhatəyə alıb başa salırdı ki, “soyqırımı” tanımaq olmaz, çünki arada Türkiyə var:

“Əvvəllər ABŞ-ın Müdafiə Nazirliyi Türkiyəni qiymətli müttəfiq hesab edirdi. Bu da Ankara ilə əlaqələrin seçkiqabağı “soyqırımı” vədindən üstün tutulmasına yardım göstərirdi. İndi belə deyil. Bu gün bir sıra problemlərə, xüsusilə də Türkiyənin 2017-ci ildə Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemini almasına qəzəblənən Pentaqon daha Vaşinqtonla Ankara arasında münasibətləri yaxşılaşdırmaqda maraqlı deyil. Bundan başqa, ABŞ Konqresi Türkiyəyə münasibətdə Pentaqondan və Baydendən də sərt mövqedədir. Konqresin bir çox üzvü “soyqırımı”nın tanınmasına israr edən erməni seçiciləri təmsil edir. Rusiyadan raket əleyhinə müdafiə sistemi aldığına görə artıq Ankaraya sanksiya tətbiq etmiş bu qanunverici orqan, məncə, ABŞ prezidentini fakt qarşısında qoyub Türkiyəni Ərdoğanın həm də başqa hərəkətlərinə görə cəzalandırmaq istəyir”.

Məqalədə qeyd olunur ki, Ərdoğanın Bayden administrasiyasına uyğunlaşacağı ağlabatan deyil:

“Evdə onun nüfuzu zəifləyib, Ərdoğan Türkiyə cəmiyyəti üzərində avtoritar nəzarətini azaltsa, onsuz da güdükdə durmuş müxalifət əhalini ona səs verməməyə qaldıra bilər. Xaricdə isə Ərdoğan Putinlə o qədər yaxınlaşıb ki, ondan uzaqlaşa biləcəyi real görünmür. Ərdoğan S-400 sistemlərini Rusiyaya geri qaytarsa, Putin dərhal ticarət və turizm sanksiyaları tətbiq edib Türkiyənin onsuz da zəifləmiş iqtisadiyyatına zərbə vura bilər. Bu isə ölkədə Ərdoğana dəstəyi daha da azaldar.Hərbi cəbhəyə gəlincə, Putin yaxın müttəfiqi olan Suriya prezidenti Bəşər Əsədin üsyançıların əldə saxladığı İdlibə hücuma keçməsinə yaşıl işıq yandıra bilər. Onda minlərlə suriyalı qaçqın Türkiyəyə axışar. Ankara artıq Suriyadan 3,6 milyon qaçqını qəbul edib. Türkiyədə iqtisadi inkişafın geriləməsi və qaçqınlardan narazılığın artması fonunda qaçqın sayının birdən-birə kütləvi şəkildə çoxalması elə sosial və siyasi problemlər doğura bilər ki, buna tab gətirmək Ərdoğana çətin olar. Putin həmçinin öz müttəfiqlərinin Liviyada, Cənubi Qafqazda Türkiyə və Türkiyənin müttəfiqləri ilə bağladığı kövrək atəşkəs sazişlərini poza bilər. Bu, Ankaranın maraqlarını daha ağır zərbə altında qoya, Ərdoğana isə ayrıca şəxsi problemlər yaradıb onun ölkədə formalaşmış qlobal lider imicini korlaya bilər. Həmişə düşünürdüm ki, Ərdoğan Baydenlə Putin arasında qalsa, Putini seçəcək. Bunun hesabını ödəmək isə elə də çox çəkməyəcək”.

Müəllifin fikrincə, bütün bu faktorlar Ərdoğanın ABŞ-ın “erməni soyqırımı”nı tanımasına qarşı müqavimətini zəiflədib və Baydenin niyə məhz indi hərəkətə keçməsinin bir səbəbi də budur:

“Türkiyə iqtisadiyyatı laxlayır. Ərdoğanın Vaşinqtonla münasibəti düzəlməsə, bu, Türkiyə iqtisadiyyatını çökdürə bilər”.

Soner Çaqaptay hesab edir ki, hazırda Ərdoğan bu dinamikanı dəyişməli və Baydenlə yola getməyi bacardığını göstərməlidir: “Ərdoğan Baydenin saymazyana münasibətinə səbirlə yanaşdı. İndi onun Amerikanın “soyqırımı” siyasətini kəskin dəyişməsinə də səbirlə yanaşmaqdadır.

Ərdoğanın siyasi bioqrafiyasını yazmış bir insan kimi bilirəm ki, o, lazım gələndə həddən artıq, hətta Makiavellinin ardıcılları qədər praqmatik ola bilir.

Əminəm ki, Baydenin seçdiyi yola münasibətdə nə qədər təmkinli, ölçülü-biçili sözlər işlətsə də, Türkiyə iqtisadiyyatı dirçələn kimi Ərdoğan ABŞ prezidentindən qisas almağa məqam axtaracaq”. (Novator.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO