Bütün dünyanın diqqəti Yaxın Şərqə dikilib. Hər kəs bölgədə baş verən qanlı olayları diqqətlə izləyir. Amma bir məsələ var ki, əksəriyyət günahsız yerə qətlə yetirilən insanların faciəsini yox, daha çox hansı tərəfin haqlı olduğunun müzakirəsini aparır.
Qlobal güclər birmənalı olaraq İsraili haqlı çıxarır, HƏMAS-ı pisləyir. Müəyyən toplumlarsa HƏMAS-ın haqlı olduğunu iddia edirlər. Kimin haqlı və haqsız olmasından asılı olmayaraq İsraildə və Qəzzada hər gün yüzlərlə uşaq, qoca və sivil insan qətlə yetirilir. Yüzlərlə ev, iş yerləri xarabazarlığa çevrilir. Baxmayaraq ki, bir nəfərin belə vaxtsız və kimlərsə tərəfindən təşkil edilmiş ölümü sivilizasiyanın faciəsidir.
Bölgədəki qırğından kimlər qabağa düşmək istəyir?
Bu gün siyasi diletantlar bir yana qalsın, böyük güclər insanların ölümünün qarşısını almaq əvəzinə tərəfləri qızışdırmaqla məşğuldurlar. Halbuki, BMT, ABŞ, Aİ və hətta Rusiya 70 ildir ki, Qəzza bölgəsində davam edən qanlı hadisələrə sadəcə şahidlik edir. Lakin heç kim bu problemin ədalətli və birdəfəlik çözülməsini istəmir.
MÖVZU İLƏ BAĞLI:
Növbəti Fələstin-İsrail SAVAŞI – Yaxın Şərqi qan gölünə çevirməyi KİM İSTƏYİR?
Elə bil bəzi dövlətlərin çörəyi Qəzza bölgəsində tez-tez baş verən münaqişədən çıxır. Əslində də belədir. Çünki müharibə həm də bir biznes sahəsidir. Müharibə həm də bir təzyiq metodudur. Ona görə də münaqişənin uzun sürməsi kimlərinsə biznes, kimlərinsə siyasi maraqlarına xidmət edir.
Qlobal güclər xoşlayır ki, gündəm tez-tez dəyişsin
Ukrayna-Rusiya müharibəsi artıq əvvəlki qədər maraqlı deyil. Hətta bu müharibə ilə bağlı xəbərlər belə çox az oxunur. Ona görə də gündəmi dəyişmək lazım idi və Qəzzada ara qarışdı. Artıq 3 günə yaxındır ki, HƏMAS-la İsrail arasında qanlı döyüşlər gedir. Dünya ölkələri də tələsmədən yavaş-yavaş məsələyə öz münasibətlərini bildirirlər.
Məsələn, ABŞ, İngiltərə, Almaniya, Fransa və İtaliya liderləri bu gün səhər birgə bəyanat yayıb, İsraili dəstəklədiklərini, HƏMAS-ın hərəkətlərini pislədiklərini bildiriblər.
Bəyanatda diqət çəkən bir məqam var. Birgə bəyanatda HƏMAS-ın terror hərəkətlərinin heç bir əsası və legitimliyi olmadığını, pislənilməli olduğu qeyd edilir.
Diqqət edin: HƏMAS terror təşkilatı kimi yox, onun son hərəkəti terror addımı kimi qeyd edilir. Halbuki, HƏMAS-ın necə bir təşkilat olduğunu hər kəs bilir, o cümlədən də Qərb.
Ən pisi də odur ki, HƏMAS Fələstin dövlətinin ərazisində tam leqal fəaliyyət göstərir. Fələstində təkcə HƏMAS-ın yox, Hizbullah və digər terror təşkilatlarının mövcudluğunu ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və digər böyük dövlətlər çox yaxşı bilir. Lakin, bu terror təşkilatların ləğvi üçün heç bir kəsərli tədbir görülmür. Əksinə bu terror təşkilatlarının böyüyüb inkişaf etməsinə iqtisadi və siyasi dəstək verilir.
Qərbin İslam aləmi üçün yaxın-uzaq planları
Heç kimə sirr deyil ki, İslam ölkələrində terror təşkilatlarının yaradılması Qərbin əsas layihələrindən biridir. Hətta terrorçu “İslam” dövlətlərinin yaradılması da Qərbin ən yaxın planlarına daxildir. Məsələn, Qərb Rusiya və digər dövlətləri 40 illik müharibədən sonra Əfqanıstandan çıxartdı. Sonda isə ABŞ və onun müttəfiqləri Əfqanıstanı tərk edib, ölkəni terrorçu talibançıların ixtiyarına verdilər.
İran nəyə sevinir?
İran dünyada terror dəstəkləyən dövlət kimi tanınır. Təsadüfi deyil ki, HƏMAS-ın hücumunu alqışlayan və dəstəkləyən ilk dövlət İran oldu. İki gecədir ki, molla-fars rejimi toy-bayram edir. Guya ki, İsrail yer üzündən silinib. Hətta İranın BMT-dəki daimi nümayəndəsi Əli Kərimi Məkam deyib ki, “Fələstinin(HƏMAS yox-red) cavabında rolumuz olmasa da, fələstinlilərlə ortaq hissləri paylaşırıq və onların yanındayıq”.
Amma Məkam son 3 gündə həyatını, ev-eşiyini itirən fələstinlilərin yox, İsrailə raket atan HƏMAS-ın yanında olduğunu bildirib. Əgər belə olmasa idi, rəsmi Tehran öldürülən fələstinlilərə anındaca hansısa tibbi və digər zəruri yardımlar edərdi. Deməli, Qəzza bölgəsində baş verənlər üçün ABŞ, Qərb və İran eyni mövqedən çıxış edir.
ABŞ İranla eyni mövqedə dayanıb?
Yəni bölgədə qan tökülməsi, insanların qətl edilməsi bu dövlətlərin tam işinə yarayır. Təsadüfi deyil ki, bütün dünya İranın HƏMAS-ı dəstəklədiyini desə də ABŞ başqa fikirlər səsləndirir. ABŞ Milli Təhlükəsizlik Müşavirinin müavini Con Finer deyib ki, ABŞ İranın HƏMAS-ın İsrailə hücumlarında “əli olduğuna” inansa da, hazırda Vaşinqton Tehranı hücumlarla əlaqələndirən “birbaşa məlumat”a sahib deyil.
ABŞ rəsmisinin bu fikirlərini necə istəsən yozmaq olar. Əslində bu ikibaşlı fikrin bir izahı var. Yəni ABŞ İranın bu proseslərdə əli olduğunu bilir. Onu da unutmayaq ki, cəmi bir ay əvvəl Bayden amerikalı girovların azad buraxılması üçün İranın 6 milyard dollar dondurulmuş vəsaitini geri qaytardı.
Amma okeanın o tayındakılar indiki vaxtda bunları dilə gətirmək istəmirlər. Çünki indiki zamanda hədəf İran yox, Qəzza bölgəsidir. Bu gün həm Qərb, həm də İran maraqlıdır ki, Qəzzada daha çox yəhudi və fələstinli qətl edilsin.
Sonradan həm Qərb, həm də İran bunu özünün qələbəsi kimi təqdim edəcək. Biri deyəcək ki, bir belə terrorçu məhv edildi. O biri də deyəcək ki, filan qədər kafiri cəhənnəmə vasil etdik.
Yəni baxışlar fərqli olsa da maraqlar eynidir. Bu gün qırılan, evsiz-eşiksiz qalan yəhudi nə ABŞ və Qərbin, nə də ki, kütləvi şəkildə qətl edilən dinc fələstinli İranın vecinə deyil. Hər kəs bu qırğından daha çox siyasi və iqtisadi dividend qazanmaq həvəsindədir. Çox təəssüf…
Surxay Atakişiyev, Bizim.Media