Rusiya və İran arasınakı münasibətlərdə ciddi problem meydana çıxıb.
Belə ki, bu günlərdə keçirilən Rusiya və Fars Körfəzi Əməkdaşlıq Şurası arasında strateji danışıqların 6-cı mərhələsinin yekun bəyanatında Fars körfəzindəki 3 adanın BƏƏ-yə aid olmasına dair bənd yer alıb. Bu bəyanatdan narazı qalan molla-fars rejimi Rusiyaya nota verib.
Bəs, iki “dost” ölkə arasında münasibətlərin korlanmasına səbəb olan 3 ada problemi haradan qaynaqlanır?
MÖVZU İLƏ BAĞLI:
Blinken BƏƏ-nin xarici işlər naziri ilə telefonda nəyi müzakirə edib?
Sualın cavabı üçün bir qədər keçmişə qayıtmaq lazım gəlir.
Fars körfəsində bir çox ərazilər, o cümlədən Hörmüz boğazındakı 3 ada- Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları 1903-cü ildən etibarən Böyük Britaniyanın müstəmləkəsi altında idi. 1971-ci ilin noyabrında Britaniya adalara nəzarəti BƏƏ-yə təhvil verərək geri çəkildi. Lakin, o zaman İran hərbi müdaxilə hesabına hər 3 adanı işğal etdi.
Bu işğaldan sonra başda BƏƏ olmaqla 22 ərəb dövləti İranı işğalçı dövlət kimi tanıdı. Nəticədə bu və digər səbəblər üzündən ərəb dövlətləri ilə İran arasında soyuq müharibə başladı. Hətta 1980-ci ildə İraqla İran arasında başlayan və 8 ildən artıq davam edən müharibənin bir səbəbi də də bu 3 ada idi.
Belə ki, Səddam Hüseyn höküməti Xomeyni rejiminə müharibədən imtina etmək üçün göndərdiyi notada 3 şərtdən biri kimi adalardan işğalçı ordunun çıxarılması müddəasını önə sürmüşdü. Lakin, molla-fars rejimi İraqın ultimatumunu qulaqardına vurdu və nəticədə uzun müddətli qanlı müharibə başladı.
Hörmüz boğazındakı adalar niyə bu qədər önəmlidir?
Fars körfəzindəki 3 adanən ən böyüyü olan Əbu Musa cəmi 12 kvadratkilometr əraziyə malikdir. Adaların əhəmiyyəti onunla izah olunur ki, Hörmüz boğazının ən dərin və neftdaşıyan tankerlər üçün ən əlverişli keçidi məhz bu adaların arasındadır. Yəni adalara nəzarət Hörmüz boğazına nəzarət anlamına gəlir.
Dünya bazarına ixrac olunan neftin 40 faizi bu boğazdan daşınır. Bundan əlavə Əbu Musa adasının özü də zəngin neft ehtiyatlarına malikdir. İran bu adalarda böyük hərbi kontingent saxlayır. Adada hərbi aerodrom tikilib, hava hücumundan müdafiə qurğuları yerləşdirilib.
İranın adalarda yerləşdirdiyi həbi qüvvələr bu ölkəyə Hörmüz boğazına nəzarət imkanı yaradır. İran istədiyi vaxt boğazı bağlamaq və ixrac olunan neftin qarşısını almaq iqtidarındadır. Odur ki, Fars körfəzinə çıxışı olan neft ixrac edən ərəb ölkələri İrandan birbaşa asılıdırlar.
BƏƏ niyə adaya bu qədər iddialıdır?
BƏƏ üçün adaların geri alınması həyati əhəmiyyət daşıyır. Çünki bu dövlətin Hörmüz boğazına çıxışı mövcud deyil. Adalara nəzarət BƏƏ-ni regionda söz sahibinə çevirə bilər. Təsadüfi deyil ki, 2012-ci ildə İrana qarşı hərbi müdaxilə məsələləri müzakirə olunarkən Fars körfəzinə Amerika hərbi gəmilərinin məhz Hörmüz boğazından keçəcəyi ehtimal olunurdu.
Bildiyimiz kimi BƏƏ, Səudiyyə Ərəbistanı və Küveyt kimi ölkələrdə Amerika hərbi bazaları mövcuddur. ABŞ-ın bu bazalardan daha effektiv şəkildə istifadə etməsi üçün Hörmüz boğazında nəzarətin BƏƏ-nin əlinə keçməsi çox vacibdir.
Bunları bilən İran bütün vasitələrlə işğalın ömrünü uzatmağa çalışır. Çünki, Hörmüz boğazına nəzarət İranın bir dövlət kimi ayaqda qalmasının əsas səbəblərindən biridir.
İran bu adalara görə bütün dünyanı qarşısına alıb.
Son 50 ildə Ərəb Liqası adaların geri alınması üçün çox cəhdlər edib. Lakin, hələki cəhdlər heç bir nəticə verməyib. Baxmayaraq ki, beynəlxalq təşkilatlar və böyük dövlətlər Hörmüz boğazındakı adaların BƏƏ-yə aid olması barədə çoxsaylı bəyanatlar verib.
Hətta sonuncu dəfə Çin də adaların BƏƏ-nə aid olması barədə fikir bildirmişdi. Buna görə də rəsmi Tehranla rəsmi Pekin arasında münasibətlər xeyli soyumuşdu. Münasibətlər yalnız prezident Rəisinin Pekinə rəsmi səfərə dəvət edilməsindən və aparılan müzakirələrdən sonra normal məcraya düşdü.
İndi də molla-fars rejimi Rusiyaya qəzəblənib. Yenə də səbəb Rusiyanın 3 ada barədə mövqeyidir. Göründüyü kimi bu 3 ada İran üçün nəinki qırmızı xətt, həm də nəfəslikdir. Bu nəfəslik molla-fars rejiminin əlindən alındığı gün bu ölkənin sonu gələ bilər.
Təsadüfi deyil ki, son 40 ildə Qərbin bütün sanksiya və qadağaların zərərini İran Fars körfəzindəki hegemonuluğu hesabına sığortalayır. Bu boğaz sayəsində İran nəinki, dünya neft bazarına təsir imkanını əlində saxlayır, həm də öz neft ehtiyatlarını sanksiyalardan yayınaraq bu ərazidən xarici bazara çıxarır.
Surxay Atakişiyev, Bizim.Media