Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyası keçirilir.
İƏT-in Baş katibliyindən Bizim.Media-ya bildiriblər ki, “Təhlükəsizlik və sabitlik moderasiyası” mövzusunda keçirilən sessiyanın açılışında təşkilatın Baş katibi Hissein Brahim Taha üzv ölkələrdə siyasi, iqtisadi və mədəni sahələrdə yeni strategiyanı təqdim edib.
Baş katib qeyd edib ki, İƏT üzv dövlətlərin dəstəyi ilə sülh və təhlükəsizlik, münaqişələrin həlli, vasitəçilik və seçkilərin müşahidəsi, habelə terrorizm və zorakı ekstremizmlə mübarizə sahələrində öz imkanlarını artırmaq üçün səylərini davam etdirəcək. Xüsusən, terrorizmə, İslama və müsəlmanlara qarşı nifrətin təzahürlərinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edən təşkilatın rəhbəri bildirib ki, bu gün BMT Baş Assambleyasının təsdiq etdiyi İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün birinci ildönümünü qeyd etməyimiz bu təhlükəli fenomen haqqında məlumatlılığı artırmaq, dialoqu, anlaşmanı və birgə yaşayışı təşviq etmək üçün bir fürsətdir.
O əlavə edib: “Sizə təqdim etdiyim hesabatda qeyd edildiyi kimi, hüquqi və institusional sahədə Hökumət Ekspertlər Qrupunun bir neçə iclası keçirilib.
2022-ci il dekabrın 20-21-də Ciddədə keçirilən üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə ilə bağlı orqanlarının nazirlər toplantısı zamanı İƏT-in Korrupsiyaya Qarşı Mübarizə Konvensiyasının təsdiqini qeyd etmək lazımdır. Bu Xartiya, həmçinin bəzi əsas sazişlər və qanunlar qüvvəyə minsə də, onların maksimum fayda gətirməsi yalnız bütün üzv dövlətlərin ratifikasiyası ilə həyata keçiriləcək.
Bundan əlavə, 1987-ci ildə qəbul edilmiş Beynəlxalq İslam Ədalət Məhkəməsinin statusu da daxil olmaqla, bəzi mühüm sazişlər və nizamnamələr hələ də onların qüvvəyə minməsi üçün lazımi hüquqi kvoruma malik olmaq üçün üzv dövlətlər tərəfindən tələb olunan sayda ratifikasiyanın başa çatmasını gözləyir”.
Təşkilatın strategiyasının informasiya üzrə fəaliyyətdən bəhs edən Baş katib qeyd edib ki, İslam dünyasında İnformasiya sahəsində İƏT yeni və sosial media platformalarına sərmayə qoyub və öz konfransları üçün canlı yayım xidmətini işə salıb, onun keyfiyyətini və qlobal rezonansını artırıb.
İƏT-in üzv ölkələrdə iqtisadi, mədəni və texnoloji inkişaf üzrə həyata keçirdiyi tədbirlərə toxunan H.B.Taha bildirib ki, iyulun 1-dən iqtisadi əməkdaşlıq sahəsində təşkilata üzv dövlətlər arasında Ticarət Preferensial Sistemi (TPS-İƏT) qüvvəyə minib. Bu, İƏT daxilində ticarətin təşviqinə gətirib çıxaracaq. O bildirib: “Elm və texnologiya sahəsində Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitə (COMSTECH) ilə əməkdaşlıq şəraitində üzv dövlətlər üçün elm, texnologiya və innovasiya (STI) fayllarının xülasəsinin hazırlanması layihəsini həyata keçirməyə çalışırıq.
Mədəniyyət sahəsində Baş Katiblik üzv dövlətlərdə mədəni irsin qorunması və mühafizəsi üzrə İƏT Platformasının yaradılması üzrə konsepsiya sənədinin layihəsini yekunlaşdırıb. Biz gələn ilin iyulunda İndoneziyada mədəni tədbirin, eləcə də Azərbaycanda İƏT festivalının təşkili üzərində işləyirik”.
Baş katib vurğulayıb ki, İƏT-in 2025-ci ilədək Fəaliyyət Proqramı bir yol xəritəsidir və kollektiv baxışı əks etdirir. O deyib:
“Üzv dövlətləri öz səylərini davam etdirməyə və bu hədəflərin uğurunu təmin etmək üçün İƏT proqramlarını və fəaliyyətlərini milli prioritetlərinə inteqrasiya etməyə, bununla bağlı siyasi öhdəliklərini gücləndirməyə çağırırıq. İƏT-in statusunun və effektivliyinin artırılması və onun fəaliyyətinin intensivləşdirilməsi, habelə yeni dəyişikliklər və birgə İslam fəaliyyətinin qarşısında duran çağırışlarla ayaqlaşmaq üçün islahat prosesinin davam etdirilməsi zəruridir. Eyni zamanda, bu proses bütün üzv dövlətlərdən öz maliyyə öhdəliklərini yerinə yetirməsini tələb edir”.
Martın 17-də öz işini davam etdirəcək sessiyada bir sıra siyasi, iqtisadi, mədəni, sosial, elmi, humanitar, media və digər məsələlər müzakirə olunur. İƏT-ə üzv ölkələrin xarici siyasət idarələrinin rəhbərləri, həmçinin Fələstin problemi, Qüds Əl-Şərifdəki vəziyyətin ətrafında fikir mübadiləsi aparacaqlar. Sessiyanın gündəliyinə Əfqanıstanda baş verən hadisələr, Cammu və Kəşmir məsələsi, Mali və Afrikanın Sahil bölgəsindəki vəziyyət, üzv olmayan ölkələrdə azlıqların və müsəlman icmalarının problemləri də daxil edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
02:24 / 17.03.2023
İƏT-in Baş katibi təşkilatın yeni strategiyasını təqdim edib
Hazırda oxunan: İƏT-in Baş katibi təşkilatın yeni strategiyasını təqdim edib
Hazırda oxunan: İƏT-in Baş katibi təşkilatın yeni strategiyasını təqdim edib
125959
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.