Rəsmi Pekin: “Çin müharibə qarşısında geri addım atmayacaq”

Rəsmi Pekin: “Çin müharibə qarşısında geri addım atmayacaq”

Hazırda oxunan: Rəsmi Pekin: “Çin müharibə qarşısında geri addım atmayacaq”

1183

Bizim.Media CNN xəbər kanalına istinadən məlumat verir ki, Çin Koreya müharibəsindəki qələbənin 70 illiyini qeyd edir. 

Bu münasibətlə bu günki çıxışında prezident Si Tsinpin Çin xalqını və Çin ordusunu qələbə münasibətilə təbrik edib. Çin hər il 1950-ci ilin oktyabrında Koreyada ABŞ və müttəfiqlərinə qarşı qazanılmış qələbəni milli bayram kimi qeyd edir. ABŞ və Çin arasında gərginliyin artdığı son illərdə milli bayram daha çox siyasi mesajların verildiyi platformaya çevirilib. Bu il də eyni ənənəyə sadiq qalan Çin rəhbərliyi ABŞ-ın regiondakı təhdidinə cavab olaraq bir sıra mesajlar ünvanlayıb.

Son günlərdə regionda və dünyada Çinə qarşı münasibət haqqında danışan Çin prezidenti Pekinin sülh istədiyini, ancaq müharibə qarşısında da geri addım atmayacağını bəyan edib. Si Tsinpin “Çin xalqı işğalçılarla onların anladığı dildə danışmağı bilir” deyə əlavə edib.

Çin Prezidenti eyni zamanda Koreya müharibəsindəki qələbənin “dünyanın əzilən xalqlarına və millətlərinə bir mesaj” olduğunu da qeyd edib. “Heç bir şantaj, şəxsi mənfət, öz mənafeyinə xidmət etmək, eqoizm nəticə verməyəcək. Hegemonluq axtarmaq, başqalarına sataşmaq nəticə verməyəcək və dünyanı daha pis bir yerə çevirəcək” deyə Si çıxışını tamamlayıb.



Xatırladaq ki, ABŞ prezident seçkilərində namizədlərin son debatı Tramp və Baydenin Çini kimin ram edəcəyi haqqında müzakirələri ilə yadda qalmışdı. Hər iki namizəd seçiləcəyi təqdirdə bu işi bacaracağını qeyd etmişdi. Çin mediası bir müddət əvvəl dünya dövlətlərini Çinin “qırmızı xəttlərinə” hörmət göstərməyə səsləmişdi. Açıqlamanın ardınca isə ABŞ və Tayvan arasında 1,8 milyard dollarlıq silah müqaviləsi imzalanmışdı. Bölgədə artan gərginliyin Çin prezidentinin son çıxışları ilə daha da yüksələcəyi ehtimal edilir.

Rəvan Əliev, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO